Azərbaycanın Böyük Britaniyadakı səfirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Britaniya təmsilçiliyinin təşkilatçılığı ilə Londonda Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş qəbul təşkil edilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə Birləşmiş Krallığın hökumət və dövlət nümayəndələri, Britaniyada fəaliyyət göstərən Azərbaycan təşkilatlarının və Londonda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, yerli və xarici ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin keçdiyi çətin və şərəfli həyat yolu və zəngin fəaliyyəti haqqında geniş məlumat vermiş, Ulu Öndərin dövlətçiliyimizin inkişafı və möhkəmləndirilməsindəki müstəsna xidmətlərindən söhbət açmışdır. Bildirilmişdir ki, Azərbaycanın dünyada tanınması, müasir, demokratik və müstəqil dövlətçiliyimizin inkişafı məhz Heydər Əliyevin adı ilə bağlıdır. Tarixə nəzər salan səfir, Ümummilli Liderin Sovet dönəmindəki fəaliyyətindən, hələ o zaman Vətəninin və xalqının gələcək taleyini düşündüyündən bəhs etmişdir. Ölkəmizin 90-cı illərdə üzləşdiyi çətinliklərdən danışan F.Qurbanov Ulu Öndərin həmin illərdə çoxsaylı maneələri dəf edərək Azərbaycan xalqının xilaskarı missiyasını şərəflə yerinə yetirdiyini vurğulamışdır. Qeyd edilmişdir ki, ümummilli lider Heydər Əliyev prezident seçildikdən sonra Azərbaycanın hərtərəfli inkişafını təmin edən mühüm qərarlar qəbul edilməsinə nail olmuş, ölkəmizin məqsədyönlü, hərtərəfli düşünülmüş daxili və xarici siyasətinin təməl daşlarını qoymuşdur. Birləşmiş Krallıq ilə hərtərəfli inkişaf edən münasibətlərimizin qurucusu da məhz ulu öndər Heydər Əliyev olmuşdur.
İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri Lord Freyzer ölkəmizin son illərədki sürətli inkişafından bəhs edərək ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyevin gördüyü işləri yüksək qiymətləndirmişdir.
Cənubi Qafqaz üzrə tanınmış britaniyalı tədqiqatçı, professor Tamara Draqadze Azərbaycana səfərləri və ulu öndər Heydər Əliyev ilə görüşləri ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşmüşdür.
Ümummilli Liderin misilsiz xidmətlərinin heç vaxt unudulmayacağını qeyd etmişdir.
ARDNŞ-in Britaniyadakı nümayəndəliyinin rəhbəri Rüfət Əfəndiyev umumilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə neft sektorundakı güclü inkişafından danışmışdır. Bildirmişdir ki, "Azəri", "Günəşli" və "Çıraq" yataqları məhz Ulu Öndərin ölkəyə rəhbərliyi dövründə kəşf edilmişdir. 1994-cü ildə Heydər Əliyevin qətiyyəti, polad iradəsi və uzaqgörənliyi sayəsində imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın neft sənayesinin inkişafında dönüm nöqtəsi olmuşdur.
Böyük Britaniyanın Azərbaycandakı sabiq səfiri Roger Thomas vurğulamışdır ki, Müasir Azərbaycanın hazırkı , demokratik və sürətli inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizdə xidmət etdiyi müddətdə Ulu Öndərlə bir neçə dəfə görüşdüyünü xatırladan diplomat Heydər Əliyevin qibtə doğuran ağıl və zəkaya, heyrətamiz liderlik qabliyyətinə malik olduğunu diqqətə çatdırmışdır. Ulu öndər Heydər Əliyevin eyni zamanda dahi siyasətçi olduğunu qeyd edən R.Thomas bildirmişdir ki, hazırda beynəlxaq təşkilatların Azərbaycanda fəaliyyət göstərməsi və ölkənin dünyaya inteqrasiyası da Ulu Öndərin xidmətidir. Heydər Əliyevin böyük vətənpərvər olduğunu vurğulayan diplomat onun gördüyü bütün işlərdə azərbaycançılıq ideyası və məfkurəsinin ön planda dayandığını diqqətə çatdırmışdır.
Tədbirdə həmçinin ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx və fotosərgi nümayiş etdirilmişdir.
AzərTAc