PDF Oxu

Siyasət

  • 11

Daima gənclik təravətilə yaşıyan Ulu Öndər Heydər Əliyev siyasəti

"Azərbaycanda ictimai zərurətə çevrilən Heydər Əliyev siyasi kursunun həmişəyaşarlığının qalmasının səbəbi onun fitri qabiliyyətindəndir"

Daima gənclik təravətilə yaşıyan Ulu Öndər Heydər Əliyev siyasəti

Bütün mənalı ömrünü xalqına xidmətə həsr eləmiş Ümummilli Liderimiz Heydər Əliyevin çıxışlarından birində söylədiyi nitqindəki bu sözlər hafizəmdə həmişəlik iz salıb. Ulu Öndərimiz demişdi: "Mən vaxtilə əkdiyim toxumların indi bəhrəsini görürəm. Amma mən o toxumları təkcə əkməklə kifayətlənməmişəm, onları həm də bəsləmişəm".

Heydər Əliyev Azərbaycanda hakimiyyətdə olduğu dövr ərzində bir neçə gənc azərbaycanlı nəslinə kamil həyat vəsiqəsi vermişdir. Onların təhsilindən tutmuş bütün sosial qayğılarına həssas yanaşmış, cəmiyyətdə layiqli yer tutmaları, öz bilik və bacarıqlarından maksimum istifadə etmələri, Vətənə layiqli vətəndaş kimi yetişmələri, ölkənin tərəqqisi naminə çalışa bilmələri üçün əlindən gələni əsirgəməmişdir.

Hadisələrin gedişi göstərdi ki, Ümummilli Liderimizin uzaqgörən siyasəti özünü doğrultdu. Müəllifi, memarı Heydər Əliyev olan müasir müstəqil Azərbaycan Respublikasının inkişafına töhfə verən vətəndaşlar da məhz Ulu Öndərin 1969-1982-ci illəri əhatə edən birinci hakimiyyəti dövründə dahi rəhbərin qayğısından yararlanmış, xeyir-duasını almış sələf-gənclərdir.

Tarixi səhifələyərək gəldiyim nəticə daha yaşlı nəslin nümayəndələrindən öyrəndiklərim, habelə öz müşahidələrim belə düşünməyimə əsas verir ki, gənclik illəri Ümummilli Liderimiz Heydər Əliyevin sovetlər dönəmində respublikamıza birinci dəfə rəhbərlik etdiyi vaxta təsadüf etmiş vətənpərvər Azərbaycan vətəndaşları Ulu Öndər müstəqil ölkəmizin sükanı arxasına 1993-cü ildə ikinci dəfə keçəndən sonra ruhən cavanlaşıblar. 70 yaşında öz Vətənini parçalamaq təhlükəsindən xilas etmək kimi ağır və məsuliyyətli bir işin altına çiyin verən və bu missiyanın öhdəsindən layiqincə gələn Ulu Öndərimiz öz tükənməz enerjisi ilə həm yaşlı nəslin nümayəndələrinə, həm də cavanlara "yıxılmamaq nümunəsi" göstərdi. Elə bu "ayaqda qalmaq" bacarığının nümayişi, deyərdim ki, Ulu Öndər Heydər Əliyevin yürütmüş olduğu dövlət-gənclər siyasətinin mühüm, heç də bəlkə hamı tərəfindən müşahidə olunmayan tərkib hissələrindən biri olmuşdur.

Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin verdiyi səmərə barədə indiyədək çox deyilib, çox yazılıb. Azərbaycan gəncliyinin həm hüquqi, həm maddi təminat sahəsində dəstəklənməsinə yönəldilmiş tədbirlər, verilmiş qərarlar kütləvi informasiya vasitələrində işıqlandırılıb. Amma uzaqgörən siyasətçinin gəncliyi mənəvi cəhətdən stimullaşdırmağa xidmət edən bir mühüm addımı da 2003-cü ildə xalqı gənc və enerjili, özü qədər inandığı İlham Əliyevi xalqa, xalqi isə ona əmanət etməsi oldu. Gəncliyin kumirinə, həm də qayğıkeşinə çevrilən cənab İlham Əliyev Azərbaycan cəmiyyətində ruhən gəncləşmə tendensiyasının davamlı olmasını təmin etdi. Xalqın gözləri önündə sanki hər şey cavanlaşdı. Yeni yaşayış massivləri salındı, sosial obyektlər tikildi, körpülər və yollar, parklar və yaşıllıqlar inşa olundu. Bütün dünya gənc müstəqil respublikamızın imza atdığı uğurlardan danışmağa başladı, qonaqlarımızın da sayı artdı. Bütün blunlar və sadalamadığım digər müsbət meyillər belə nəticə çıxarmağa əsas verir ki, dahi strateq Heydər Əliyev Azərbaycanı işıqlı sabaha daşımaq vəzifəsini ən doğru seçim edərək, xalqın etimadına ən layiqli namizəd olan İlham Əliyevə həvalə etməklə xalqın gələcəyə olan ümidlərini, nikbinliyini artırdı.

Yeri gəlmişkən, indiyədək heç bir sosioloji tədqiqat predmeti olmayan bir müşahidəmi də vurğulamaq istəyirəm ki, uğurlu gənclər siyasəti onların valideynlərinə də müsbət mənada sirayət edir. Təsəvvür edin, öz övladının gələcəyi barədə düşünən valideyn dövlətin öz gənc vətəndaşları barədə qayğılandığını görüncə rahatlıq tapır, daha loyal olur, üzərinə daha az qayğı götürür.

Gəncləşmə tendensiyası Ümummilli Lider Heydər Əliyevin yaratmış olduğu, möhtərəm Prezidentimiz İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasında da müşahidə olunur. Sıralarında addımlamaqdan məmnunluq duyduğum bu təşkilatın cərgələri son illər gənclər hesabına genişlənir. Burada nisbət gənclərin xeyrinə əvəzlənmə hesabına deyil, artım hesabına dəyişir. İbrətamizdir ki, YAP-ın sıralarında yaşlı və gənc nəslin anlaşma müstəvisində heç bir problem yoxdur. Yaşlılar öz təcrübələrini gənc əqidədaşları ilə həvəslə bölüşür, gənclər də bunu qiymətli miras kimi qəbul edirlər.

YAP üzvü olan gənclər bütün Azərbaycan gəncliyinin bəxtiyarlığında maraqlıdır və bugünkü xoşbəxtliklər cəmiyyətin bütün başqa zümrələrində yer alan həmyaşıdları ilə bölüşəcək qədər səxavətlidirlər. Təki gənclər biri-birlərinə yaxınlaşsınlar, hamısı doğru yola istiqamət alsınlar. Düz və işıqlı sabaha aparan yolun məhz hansı olduğunu isə müdrik Azərbaycan xalqı çoxdan müəyyənləşdirmişdir. Bunu 10 may təqvim gününün Azərbaycan xalqı tərəfindən bayram kimi keçirilməsi və Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə insanların yüksək səviyyədə hazırlığı, Ümumilli Liderlə bağlı keçirilən tədbirlərdə aktiv iştirakı Azərbaycan xalqının mütləq əksəriyyətinin bu hakimiyyətə bağlı olduğunu sübuta yetirir. Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 90 illiyi respublikamızın hər yerində tərəqqipərvər Azərbaycan vətəndaşları tərəfindən coşqu ilə qeyd olunur. Bu ərəfədə Ulu Öndərimizin zəngin və şərəfli bioqrafiyasına bir daha işıq tutulur, Azərbaycanın çiçəklənməsi, xalqımızın firavanlığı naminə göstərdiyi xidmətlər xatırlanır.

Məqamiykən, gənclər üçün əhəmiyyətli olduğunu düşündüyüm bir məsələnin də altını cızmaq istəyirəm. Az öncə dünya şöhrətli alimimiz, görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın da 90 illik yubileyi qeyd olundu. Heydər Əlirza oğlu və Zərifə Əziz qızı bir-birlərinə sədaqətli ömür-gün yoldaşı olmaqla, həm də əsil azərbaycanlı ailəsi nümunəsi yaratmışlar. Həm mentalitetimizə, həm də mütərəqqi dünya dəyərlərinə sahib çıxmış bu ailə məhz möhkəmliyi, həqiqi sevgi üzərində qurulması səbəbindən zamanın bütün sınaqlarından üzüağ çıxmışdır. Məhz bu nümunə, bu ailə modeli onun üzvlərinin həqiqi bəxtiyarlığını təmin edə bilər. Həyatda və xalqa xidmət yolunda qoşa addımlayan cənab İlham Əliyev və xanım Mehriban Əliyeva da bu mənada çox gözəl nümunədirlər. Onları, parlaq gələcəyə doğru inamla addımlayan xalqımızın önündə görmək, artıq çoxdandır ki, ictimai zərurətə çevrilib. Ümumiyyətlə, Azərbaycanda Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursunun davam etməsi sosial sifarişdir. Bu kursun həmişəyaşarlığı, daim gənclik təravəti daşıması isə Onun fitri qabiliyyətindədir.

Əminəm ki, tarixin sərt sınaqlarından müdrik seçim etməyi bacaran Azərbaycan xalqı onu bu imtahanlardan uğurla çıxartmış Umummilli Lideri Heydər Əliyevin müəyyən etdiyi yolla, göstərdiyi istiqamətlə işıqlı sabaha doğru irəliləmək istəyini və əzimini 2013-cü ilin prezident sçkilərində də ortaya qoyacaqdır. Tərəqqipərvər Azərbaycan vətəndaşları bu dəfə də Ulu Öndərimizin siyasi kursunun davamına səs verəcək. Heydər Əliyevin yaratmış olduğu Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləyəcəklər. Xalqımızın malik olduğu mental keyfiyyətlərinə-keçmişinə münasibətdə cavabdehlik məsuliyyətinə həmişə sadiq qaldığı kimi "Mən öz keçmişimə görə gələciyimin üzünə dik baxa bilərəm" deyən Ulu Öndər Heydər Əliyevin siyasi kursuna da sadiq qalacaqdır.

Tərlan SƏFƏROV,

YAP Xətai rayon təşkilatının gənclər birliyinin idarə heyətinin üzvü

Digər xəbərlər