Argentinanın La Plata Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin 90 illiyi münasibətilə "Heydər Əliyev və müasir Azərbaycanın qurulması" adlı kitabın təqdimatı keçirilmişdir.
Səfirlikdən AzərTAc-a bildirmişlər ki, tədbir Universitetin Beynəlxalq Əlaqələr İnstitutunun Azərbaycanşünaslıq kafedrasının, Azərbaycanın Argentinalı Dostları Klubunun və Azərbaycanın Argentinadakı səfirliyinin birgə təşkilatçılığı ilə reallaşdırılmışdır.
Beynəlxalq münasibətlər üzrə argentinalı tədqiqatçı və La Plata Dövlət Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunun professoru Paulo Bottanın müəllifi olduğu bu kitab ulu öndər Heydər Əliyevin keçdiyi şanlı həyat yoluna, sovetlər dövründə Azərbaycanın inkişafındakı xidmətlərinə, müstəqilliyin bərpasından sonra ölkəmizin üzləşdiyi mürəkkəb şəraitdə ictimai-siyasi sabitliyin bərqərar olunmasında dahi şəxsiyyətin roluna, ölkəmizin inkişafı və beynəlxalq sistemə inteqrasiya edilməsi istiqamətindəki strategiyasına həsr olunmuşdur.
Kitabda Ümummilli Liderin Azərbaycanda prezidentliyi dövrü ölkəmizdəki daxili ictimai-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, uğurlu neft strategiyası, beynəlxalq təşkilatlarla əməkdaşlıq mövzuları kontekstində təhlil olunur və Ulu Öndərin bir sıra tarixi nitqləri müəllifin şərhləri ilə oxuculara təqdim olunur.
Təqdimat mərasimində kitabın müəllifi professor Paulo Botta, Argentina Milli Konqresinin Deputatlar Palatasının Argentina-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Roberto Moullieron, La Plata Dövlət Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunun direktoru Norberto Consani, Azərbaycanın Argentinalı Dostları Klubunun sədri Xorxe Kolombre Marmol və Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətləri, ölkəmizin inkişaf strategiyası və regional siyasətdəki önəmli rolu barədə danışmışlar.
Tədbirdə Argentina hökumətinin rəsmiləri, parlamentin deputatları, diplomatik korpusun üzvləri, jurnalistlər, Azərbaycan və Qafqaz üzrə tədqiqatçılar və tələbələr iştirak etmişlər.
Təqdimat mərasimində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş fotosərgi nümayiş etdirilmişdir.
AzərTAc