Mayın 9-da Bakı şəhərinin Pirallahı rayonunda xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində konfrans keçirilmişdir.
Rayon İcra hakimiyyətinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, konfransı giriş sözü ilə açan icra hakimiyyətinin başçısı Vasif İmanov Ulu Öndərin zəngin həyat və fəaliyyətindən bəhs etmiş, Böyük Liderin xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışmışdır.
Milli Məclisin deputatı Aydın Mirzəzadə, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və başqaları Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda, vətəndaş cəmiyyətinin təşəkkülündə, milli-mənəvi dəyərlərin qorunmasında, elm, təhsil və mədəniyyətin inkişafında ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərinin xatırlatmışlar.
Konfransın sonunda məktəblilərin ifasında Ulu Öndərə həsr olunmuş ədəbi-bədii kompozisiya, həmçinin Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirilmişdir.
Konfrans iştirakçıları "Gənclər parkı"nda gül bayramı ilə davam edən yubiley tədbirində Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən kitablardan, fotoşəkillərdən, əl işlərindən ibarət sərgilərə, gül və çiçəklərdən düzəldilmiş xüsusi kompozisiyalara, eləcə də idmançıların nümunəvi çıxışlarına maraqla tamaşa etmişlər.
Pirallahı rayonunda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş idman yarışlarının qalibləri mükafatlandırıldıqdan sonra gül bayram tanınmış incəsənət ustalarının ifasında geniş konsert proqramı ilə davam etdirilmişdir.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş silsilə bayram tədbirləri çərçivəsində rayonun təhsil və istehsalat müəssisələrində də rəngarəng tədbirlər keçirilmiş, iməciliklərdə yüzlərlə ağac və gül kolları əkilmiş, Neft Daşları və Çilov qəsəbələrində yaşayan 70-dək aztəminatlı ailəyə yardımlar edilmişdir.
AzərTAc