Mayın 9-da Nərimanov rayonundakı Samir Xasıyev adına parkda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə möhtəşəm Gül bayramı keçirilmişdir.
AzərTAc xəbər verir ki, baharın bu gözəl çağında keçirilən Gül bayramında Nərimanov rayonunda fəaliyyət göstərən 22 orta məktəbin şagirdlərinin müxtəlif çiçək və otlardan, bitkilərdən, yarpaqlardan hazırladıqları rəngarəng tablolar öz görünüşü və ifadəliliyi ilə seçilmiş, uşaq təxəyyülünün hədsiz imkanlarını nümayiş etdirmiş və hər kəsdə xoş ovqat yaratmışdır. Rayonun idarə və təşkilatlarının, ümumtəhsil məktəbləri kollektivlərinin, uşaq tərbiyə müəssisələri nümayəndələrinin hazırladıqları əl işlərindən ibarət sərgi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələrinin çəkdikləri rəsm əsərləri göz oxşayırdı.
Bayram libasına bürünmüş parkda təbiəti sevən, təsviri sənətə həvəs göstərən uşaqlar öz istedadlarını birbaşa nümayiş etdirmək imkanı qazanmışdılar. Onlar bayram iştirakçılarının gözü qarşısında asfalt və kağız üzərində gözəl lövhələr yaratmışdılar. Bu lövhələr və ümummilli liderimiz Heydər Əliyevin tər çiçəklərdən "toxunmuş" portret xalçası Gül bayramına gələnləri dönə-dönə ayaq saxlamağa vadar edirdi.
Bayram əhval-ruhiyyəsi ilə bəzədilmiş park güllərdən düzəldilmiş kompozisiyalar bu gözəl mənzərəyə tamaşa edənləri heyrətləndirirdi. Bayramda iştirak edən yaradıcı şəxslərin, məktəblilərin dahi rəhbərimizə həsr etdikləri sənət əsərləri də Ulu Öndərə olan tükənməz sevgisinin bariz nümunəsinə çevrilmişdi.
Burada sərgilənən sənət əsərləri Bakı Şəhər İcra Hakimiyyətinin qiymətləndirmə komissiyası tərəfindən müxtəlif nominasiyalar üzrə dəyərləndirilmişdir.
Bayram tədbiri Nərimanov Rayon İcra Hakimiyyətinin "Azad Azərbaycan" telekanalı ilə birgə təşkil etdiyi təntənəli konsert proqramı ilə davam etmişdir.
Konsert zamanı fidan balalar 90 göyərçini səmaya buraxmışlar.
Azərbaycanın tanınmış incəsənət ustalarının çıxışları böyük maraqla qarşılanmışdır.
Konsert doğma Bakımızın səmasını al-əlvan rənglərə boyayan bayram atəşfəşanlığı ilə başa çatmışdır.
Bayram tədbirində Milli Məclisin deputatları, Yeni Azərbaycan Partiyasının nümayəndələri, rayon rəhbərliyi, ziyalılar, sakinlər və paytaxtımızın qonaqları iştirak etmişlər.
Beləliklə, Nərimanov rayonunda keçirilən ənənəvi Gül bayramı dahi şəxsiyyətin əziz xatirəsinə dərin hörmət və ehtiramın daha bir nümayişinə çevrilmişdir.
AzərTAc