PDF Oxu

Siyasət

  • 7

Qahirədə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir

Qahirədə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir

Azərbaycanın Misirdəki səfirliyində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir.

Tədbirdə Qahirədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Misirin ictimai-siyasi və elmi dairələrinin təmsilçiləri, jurnalistlər, tələbələr, Azərbaycan icmasının nümayəndələri iştirak etmişlər.

Səfir Şahin Abdullayev çıxış edərək ümummilli lider Heydər Əliyevin keçdiyi çətin və şərəfli həyat yolu və zəngin fəaliyyəti haqqında ətraflı məlumat vermişdir.

Diplomat Ulu Öndərin çox keşməkeşli bir dövrdə, 1993-cü ildə Azərbaycan xalqının təkidli tələbi ilə respublikanın siyasi rəhbərliyinə qayıtdığını vurğulamışdır. Bildirilmişdir ki, Ümummilli Liderin rəhbərliyi altında qısa müddət ərzində Azərbaycanda dövlət quruculuğu prosesinə başlanmış, sabitlik və təhlükəsizliyin təmin edilməsi istiqamətində mühüm işlər görülmüşdür. Məhz Ulu Öndərin qətiyyətli səyləri nəticəsində 1995-ci ildə Azərbaycan Konstitusiyası qəbul edilmiş, ölkəmizin beynəlxalq əlaqələri genişlənmişdir. Ümummilli Liderin uğurlu neft strategiyası və onun təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı layihələr isə Azərbaycanın uzunmüddətli inkişafını təmin etmişdir.

Diplomat Ümummilli Liderin siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır. O, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda siyasi, iqtisadi, sosial, humanitar və digər sahələrdə qazanılmış nailiyyətlərdən və inkişafın Azərbaycan modelindən ətraflı danışmışdır.

Ş.Abdullayev Heydər Əliyev dühasının və irsinin əbədi olaraq Azərbaycan xalqının yaddaşında xoş xatirələrlə qalacağını vurğulamışdır.

Ain-Şəms Universitetinin professoru, tanınmış azərbaycanşünas və türkşünas alim Safsafi Əl-Quturi Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyətinin əvəzedilməz rol oynadığını diqqətə çatdırmışdır. Tarixin sınaq dövrlərindən xalqların uğurla çıxmasında şəxsiyyətlərin mühüm rol oynadığını qeyd edən Safsafi Əl-Quturi XX əsrin ikinci yarısında və 90-cı illərdə Heydər Əliyevin siyasi rəhbərlikdə olmasını Azərbaycan xalqı üçün mühüm tarixi nailiyyət adlandırmışdır. Safsafi Əl-Quturi tədbirdə ərəb dilində "Azərbaycan...Nur və Odlar diyarı" adlı yeni çapdan çıxmış kitabını təqdim etmişdir. Bildirmişdir ki, kitabda Heydər Əliyevin şəxsiyyətinə və onun rəhbərliyi dövründə Azərbaycanın əldə etdiyi nailiyyətlərə xüsusi yer ayırmışdır.

Türkiyənin Misirdəki səfiri Hüseyn Avni Botsalı Heydər Əliyevin türk dünyasının dahi liderlərindən biri olduğunu qeyd edərək, məhz onun uzaqgörənliyi və müdrikliyi sayəsində Azərbaycanın müasir inkişafının əsasının qoyulduğunu, demokratik siyasi-iqtisadi inkişafın Azərbaycan modelinin yaradıldığını vurğulamışdır.

"Əl-Məsəyə" qəzetinin redaktor müavini, tanınmış jurnalist-publisist Məhəmməd Sələmə Heydər Əliyevin istər Sovet İttifaqı dövründə, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi vaxtda qazanılmış uğurlardan danışmışdır. M.Sələmə Heydər Əliyevin Azərbaycana rəhbərliyini bu ölkənin inkişafı üçün tarixi fürsət adlandırmışdır.

Heydər Əliyev haqqında ərəb dilində sənədli filmin nümayiş etdirildiyi və kitab guşəsinin təşkil olunduğu tədbir Misirin "Qahirə 3" və digər televiziya kanalları tərəfindən işıqlandırılmışdır.

Bundan başqa, səfir Ş.Abdullayev "Qahirə 3" televiziya kanalına müsahibə verərək ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən danışmışdır.

AzərTAc

Digər xəbərlər