PDF Oxu

Siyasət

  • 14

Ulu Öndərin 90 illik yubileyi Birləşmiş Ərəb Əmirliklərində geniş qeyd edilmişdir

Ulu Öndərin 90 illik yubileyi Birləşmiş Ərəb Əmirliklərində geniş qeyd edilmişdir

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar təntənəli tədbir keçirmişlər.

Dubayda fəaliyyət göstərən "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanov AzərTAc-a bildirmişdir ki, tədbirdə Azərbaycandan, Türkiyədən və müxtəlif ərəb ölkələrindən qonaqlar iştirak etmişlər.

S.İmanov tədbirdə çıxış edərək Heydər Əliyevin keçdiyi şərəfli həyat yolu barədə ətraflı məlumat vermiş, Azərbaycanın son 30 ildən çox dövlətçilik tarixinin Ulu Öndərin adı ilə bağlı olduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, müstəqilliyinin ilk illərində Azərbaycan vətəndaş müharibəsi ilə üz-üzə qalmış, ölkədəki böhran daha da dərinləşmişdir. Belə bir ağır vəziyyətdə xalq öz xilaskarına müraciət etmişdir. Xalqının təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanı parçalanmaqdan qurtarmış, ölkədə ictimai-siyasi sabitlik yaratmış, iqtisadi inkişafa nail olmuşdur. Ümummilli Liderin müdrikliyi sayəsində Azərbaycan dünyada öz layiqli yerini tutmuşdur. Vurğulanmışdır ki, Ulu Öndərin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən ləyaqətlə davam etdirilir və bunun nəticəsində Azərbaycan daha böyük uğurlara imza atır. Bu gün Azərbaycan dünyada tolerantlıq nümunəsi kimi tanınır. Paytaxt Bakıda mədəniyyətlərarası, dinlərarası dialoqla bağlı beynəlxalq tədbirlər, iqtisadi forumlar keçirilir.

BƏƏ-nin nüfuzlu qəzetlərində Azərbaycanla bağlı məqalələr dərc olunmuşdur. "Əl-İttihad" qəzeti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində Milli Məclisdə qəbul olunmuş Amnistiya aktına xüsusi yer vermişdir. Qəzet yazır ki, Ulu Öndərin yubileyi ərəfəsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə elan olunmuş amnistiya aktı ilə minlərlə insan azadlığa qovuşmuşdur. Azad olunacaq təqribən 2 minə yaxın məhbusun əksəriyyəti qadınlar, yaşlı insanlar və əlillərdir. Daha 7000 məhbusun cəzası isə yüngülləşdirilmişdir.

Qəzet Mehriban xanım Əliyevanın parlamentdə söylədiyi fikirlərə də xüsusi yer vermişdir.

AzərTAc

Digər xəbərlər