Azərbaycanın ümummilli lideri Heydər Əliyev təkcə Azərbaycanın deyil, həmçinin bütün türk dünyasının, bütün türk xalqlarının görkəmli şəxsiyyəti və ulu öndəridir. Onun müdrik və uzaqgörən siyasəti sayəsində bu gün ölkəniz nəinki türk dünyasının, həm də bütün Şərqin parlaq ulduzuna çevrilmişdir. O, bizim hamımız üçün dahi lider, böyük dövlət xadimi və hamının ehtiram etdiyi müdrik rəhbər olmuşdur. Bu gün Şərqin İsveçrəsi və türk xalqının ürəyində parlayan ulduz olan Azərbaycan onun fəaliyyətinin başlıca abidəsidir. Bu sözləri Türkiyənin Misirdəki fövqəladə və səlahiyyətli səfiri Hüseyin Avni Botsalı bildirmişdir.
Diplomat demişdir: "Biz siyasət, iqtisadiyyat, mədəniyyət, elm və ədəbiyyat sahəsində, habelə müasir texnologiyaların tətbiqində inanılmaz uğurlar qazanmış və beynəlxalq birliyin ölkələri arasında nüfuzlu dövlətə çevrilmiş Azərbaycanın nailiyyətlərinə görə çox sevinir və qürur duyuruq. Azərbaycanın dinamik və geniş inkişafının təməlini Heydər Əliyev qoymuşdur. O, müstəqil Azərbaycanı sovet dönəmindən XXI əsrə layiqincə çıxarmışdır".
Türkiyənin Misirdəki səfiri xüsusilə vurğulamışdır ki, dahi Heydər Əliyevin çoxcəhətli və səmərəli siyasətini indiki Prezident İlham Əliyev müvəffəqiyyətlə davam etdirir. O da ölkəni irəliyə doğru aparır və bütün istiqamətlərdə qazanılmış nailiyyətləri artırır. Diplomat demişdir: "Mən belə hesab edirəm ki, Azərbaycan Prezidenti ölkənin mövqelərini möhkəmləndirmək və öz xalqının rifahını yüksəltmək üçün fəal xarici və daxili siyasət yeridən gözəl siyasətçidir. Biz ona böyük hörmət bəsləyirik. Düşünürəm ki, yaxın illərdə biz hamımız dünyada ölkənizin mövqelərinin və nüfuzunun daha da güclənməsinin şahidləri olacağıq".
H.A.Botsalı ikitərəfli münasibətlərin perspektivlərindən danışarkən qeyd etmişdir ki, xalqlarımızı dərin köklər və çoxəsrlik tellər birləşdirir. Türkiyə türk dünyasının sürətlə inkişaf edən ölkələrindən biri olan Azərbaycanın uğurlarına hədsiz dərəcədə sevinir. Səfir demişdir: "Türkiyə və Azərbaycan, necə deyərlər, bir millət, iki dövlətdir, iki canda döyünən bir ürəkdir. Əminəm ki, 2023-cü ildə qeyd edəcəyimiz Türkiyə Respublikasının 100 illiyinədək ölkələrimiz arasında strateji münasibətlər çoxtərəfli olacaq və keyfiyyətcə yeni səviyyəyə yüksələcəkdir".
yap.org.az