Azərbaycanın Braziliyadakı səfirliyində ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
Səfirlikdən AzərTAc-a bildirmişlər ki, tədbirdə Braziliyanın xarici işlər nazirinin müavini Hadil da Roşa Vianna, parlamentin Deputatlar Palatasının xarici əlaqələr və milli müdafiə komitəsinin prezidenti Nelson Pellegrino, deputat Klaudio Kajado, habelə xarici ölkələrin səfirləri, dövlət qurumlarının və akademik dairələrinin nümayəndələri iştirak etmişlər.
Səfir Elnur Sultanov ümummilli lider Heydər Əliyevin şərəfli həyat yolu və fəaliyyəti haqqında məlumat verərək Ulu Öndərin Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən, respublikamızda ictimai-siyasi sabitliyin bərqərar olunmasında, davamlı iqtisadi inkişafın təmin edilməsində, milli maraqlara cavab verən xarici siyasət kursunun müəyyənləşdirilməsində, Azərbaycanın neft strategiyasının həyata keçirilməsində misilsiz rolundan danışmışdır.
Sonra qonaqlar ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş filmə baxmış və fotosərgi ilə tanış olmuşlar.
Sonda isə braziliyalı musiqiçi Bernardo Bitenkurt tar və udda Azərbaycan musiqi parçalarını ifa etmişdir.
AzərTAc