Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətini və millətini zamanın çətin sınaqlarından çıxararaq ölkənin bütün sahələrində tərəqqisinə nail olmuş qüdrətli şəxsiyyətdir. Müasir Azərbaycanın qurucusu olan Ümummilli Liderimiz ölkədə bütün sahələrdə olduğu kimi, elm və təhsilə də xüsusi həssaslıqla yanaşmış və daim qayğı göstərmişdir.
Bu sözləri mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar Ulu Öndərin əziz xatirəsini yad etmək üçün dahi şəxsiyyətin uyuduğu Fəxri xiyabana gələn Azərbaycan Müəllimlər İnstitutunun I kurs tələbəsi AzərTAc-a müsahibəsində Aydan Xəlilzadə bildirmişdir.
A.Xəlilzadə vurğulamışdır ki, ulu öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanda elmin və təhsilin əsas hamisi olmuşdur. Müdrik rəhbər Heydər Əliyev elm və təhsilin inkişafını diqqətdən kənarda qoymamış, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması və Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının həyata keçirilməsi məqsədilə ciddi tədbirlər həyata keçirmiş, mühüm tarixi fərman və sərəncamlar imzalamışdır.
Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanda elm və təhsillə bağlı siyasətinin nəticəsi artıq real bəhrəsini verir. Bütün sahələrdə olduğu kimi, Azərbaycan elminin inkişafı istiqamətində də ümummilli lider Heydər Əliyevin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanlı gənclərin ölkə daxilində və onun hüdudlarından kənarda təhsil almaları və onların simasında Azərbaycanın intellektual potensialının dünyaya tanıdılması, dünyagörüşlü bir gənc kimi yetişmələri üçün uğurlu layihələr həyata keçirilir və bu sahədə əldə olunmuş müsbət nailiyyətlər göz qabağındadır.
AzərTAc