PDF Oxu

Siyasət

  • 14

“Pedaqoji Universitet xəbərləri” nəşrinin ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş xüsusi buraxılışı çapdan çıxmışdır

“Pedaqoji Universitet xəbərləri” nəşrinin ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş xüsusi buraxılışı çapdan çıxmışdır

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) "Pedaqoji Universitet xəbərləri" nəşrinin ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş xüsusi buraxılışı çapdan çıxmışdır.

AzərTAc xəbər verir ki, xüsusi buraxılış Ulu Öndərin nitqlərinin birindən götürülmüş aşağıdakı sitatla açılmışdır: "Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır. Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur". Müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin bu fikirləri nəşrdə toplanmış məqalələrin əsas leytmotivini təşkil edir.

ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Yusif Məmmədov "Heydər Əliyev Azərbaycan təhsilinin qurucusudur" sərlövhəli məqaləsində Ulu Öndərin təhsilə verdiyi önəmdən, təhsil sahəsində həyata keçirdiyi islahatlardan, tədris müəssisələrinin maddi–texniki bazasını möhkəmləndirmək istiqamətində gördüyü işlərdən söhbət açmışdır. Müəllif ötən əsrin 70-80-ci illərini – keçmiş Sovet ittifaqının 50-dən çox şəhərinin 170 nüfuzlu ali məktəbində 250-dən artıq ixtisas üzrə 15 minədək azərbaycanlı gəncin təhsil aldığını xatırladaraq, bunu uzaqgörən siyasətin bəhrəsi, Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafına verdiyi ən sanballı töhfələrdən biri kimi səciyyələndirmişdir. Qeyd olunmuşdur ki, Azərbaycanın milli sərvəti hesab edilən həmin mütəxəssislər müstəqil dövlət quruculuğu prosesinin ən fəal iştirakçıları sırasında olmuş, kadr potensialının özəyini təşkil etmişlər.

Buraxılışda diqqət çəkən materiallardan biri də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun "Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu" adlı məqaləsidir. Müəllif haqlı olaraq belə qənaətə gəlir ki, Azərbaycan dövlətçiliyini, müstəqilliyimizi əbədi yaşatmaq üçün Heydər Əliyev irsi, onun dövlət idarəçiliyi təcrübəsi misilsiz mənəvi sərvətlər xəzinəsidir.

A.Əsgərov həmçinin, qurub-yaratmağı həyat və fəaliyyət devizinə çevirən Ulu Öndərin paytaxtda, eləcə də Səbail rayonunda həyata keçirdiyi möhtəşəm layihələrdən, genişmiqyaslı təmir-bərpa işlərindən söz açaraq vurğulamışdır ki, Ümummilli Liderin axıra çatdıra bilmədiyi işlər bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu fikir məqalədə çoxsaylı misallar və faktlarla əsaslandırılmışdır.

Yeni Azərbaycan Partiyası idarə heyətinin üzvü, partiyanın Səbail rayon təşkilatının sədri, professor Zahid Qaralov öz məqaləsinə cəlbedici ad seçmişdir: "Dünya müdriklərin çiynində dayanır". Belə müdrik şəxsiyyətlərdən biri də müstəqil Azərbaycanı, milli dövlətçiliyimizi qurub-yaratmaq yükünü öz çiyinlərində mətanətlə daşımış, Ümummilli Lider statusu qazanmış Heydər Əliyevdir. Məqalə müəllifi belə hesab edir ki, Ulu Öndərin həyatı, düşüncə tərzi, elmi-siyasi fəaliyyəti, gələcəyə hesablanmış qərarları nə qədər araşdırılsa da, bu müdrik şəxsiyyətin hələ öyrənilməmiş çox keyfiyyətləri var və bu istiqamətdə tədqiqatlar davam etdirilməlidir.

"Pedaqoji Universitet xəbərləri"nin haqqında söhbət gedən xüsusi buraxılışında, həmçinin YAP Siyasi Şurasının üzvü, Əməkdar Müəllim, professor Vilayət Əliyevin, ADPU-nun kafedra müdiri, Əməkdar Elm Xadimi, professor, Prezident təqaüdçüsü Həsən Mirzəyevin, ADPU-nun kafedra müdiri, AMEA-nın müxbir üzvü professor Vəli Əliyevin və başqalarının Ulu Öndərin həyatı və fəaliyyətinin ayrı-ayrı aspektlərindən bəhs edən məqalələri də yer almışdır.

AzərTAc

Digər xəbərlər