PDF Oxu

Siyasət

  • 13

Pakistan mətbuatında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə “Ölkəsini xilas etmiş insan” adlı məqalə dərc edilmişdir

Pakistan mətbuatında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə “Ölkəsini xilas etmiş insan” adlı məqalə dərc edilmişdir

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş dekada çərçivəsində Pakistanın nüfuzlu "Pakistan Observer" qəzetində, "Centreline" jurnalında və "DNA News" informasiya agentliyinin buraxılışında tanınmış jurnalist Liaqat Turun "Ölkəsini xilas etmiş insan" adlı məqaləsi dərc edilmişdir.

Azərbaycanın Pakistandakı səfirliyindən bildirmişlər ki, "Çiçəklənən və inkişaf edən Azərbaycan Heydər Əliyevin yaşayan abidəsidir" sözləri ilə başlayan məqalədə Ümummilli Liderin həyatı, siyasi karyerası barədə məlumatlar verilmişdir. Bildirilmişdir ki, xalqın israrlı tələbi ilə 1993-cü ilin iyununda Bakıya gələn Heydər Əliyev, vətəndaş müharibəsi xofu ilə yaşayan, iqtisadiyyatı dağılmış vəziyyətdə olan, ərazisinin böyük bir hissəsi işğal edilmiş Azərbaycana başçılıq etməyə başlamışdır. Məqalədə Heydər Əliyevin rəhbərliyi ilə qısa bir müddət ərzində qurulmuş Azərbaycan ordusunun düşmənə sarsıdıcı zərbələr endirdiyi və məhz bundan sonra atəşkəs müqaviləsinin imzalanmasının mümkün olduğu bildirilmişdir.

Liaqat Tur öz yazısında Heydər Əliyevin ən böyük nailiyyətlərdən birinin onun neft strategiyası olduğunu, bu strategiya çərçivəsində bütün təzyiqlərə baxmayaraq, "Əsrin müqaviləsi"nin imzalandığını, ölkə iqtisadiyyatına milyardlarla dollar sərmayə qoyulduğunu qeyd etmişdir. Bildirmişdir ki, ölkə rəhbərinin möhkəm iradəsi və qətiyyəti sayəsində Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı–Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin tikintisi haqqında sazişlər imzalanmış və nəticə etibarilə Azərbaycanın karbohidrogen resurslarının müxtəlif marşrutlarla dünya bazarlarına daşınması təmin edilmişdir. Məqalədə, bu siyasətin Azərbaycanın təkcə iqtisadi tərəqqisində deyil, eyni zamanda, dövlət müstəqilliyinin güclənməsində böyük rol oynadığı vurğulanmışdır.

Müəllif Azərbaycanın geostrateji mövqeyinin üstünlüklərindən bəhrələnən uzaqgörən lider Heydər Əliyevin regional və qlobal nəqliyyat yollarının ölkəmizdən keçməsini təmin etdiyini bildirərək qeyd etmişdir ki, Azərbaycan Qara dəniz hövzəsi, Qafqaz və Mərkəzi Asiya regional əməkdaşlığına yönəlmiş TRACECA layihəsinə qoşulmuş və sonralar Bakı-Tbilisi-Ərzurum dəmir yolunun tikintisinə başlamışdır. Məqalədə, bu strategiyanın nəticəsində Azərbaycanın regional nəqliyyat limanına çevrildiyi vurğulanmışdır.

Yazıda Azərbaycanın qısa bir zamanda dünya iqtisadiyyatına inteqrasiya olunduğu, kredit reytinqinin artdığı, qeyri-neft sektorunun inkişaf etdiyi, yeyinti məhsulları ilə özünü daxili resurslar vasitəsilə təmin etdiyi qeyd olunmuş, bütün bu amillərin güclü iqtisadiyyatın göstəricisi olduğu diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, Azərbaycan iqtisadiyyatı zəif olan, inflyasiyanın və işsizliyin sürətlə artdığı, insanları ümidsizliyə qapılmış dövlətdən yüksək templərlə inkişaf edən ölkəyə çevrilmişdir.

Məqalədə Heydər Əliyevin milli maraqlara söykənən balanslaşdırılmış siyasət yürütdüyü, Azərbaycanın Qərb və Şərqin siyasi strukturlarına inteqrasiya olunduğu bildirilmişdir.

Müəllif onu da vurğulamışdır ki, məhz Ümummilli Liderin rəhbərliyi ilə ölkənin Konstitusiyası qəbul edilmiş, Azərbaycan dili dövlət dili elan edilmişdir.

Liaqat Tur Heydər Əliyevin Pakistan-Azərbaycan münasibətlərinin inkişafındakı xidmətlərini, onun 1996-cı ildə Pakistana tarixi səfərini və səfər zamanı imzalanmış sənədlər toplusunun ölkələrarası münasibətlərin hüquqi normativ bazasını təşkil etdiyini xatırlatmışdır.

Müəllif məqaləsini Heydər Əliyevin xatirəsinin Azərbaycan xalqı tərəfindən daim əziz tutulduğu, ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev fondunun ulu öndərin Azərbaycanın inkişafı ilə bağlı ideyalarına dəstək olduğu və bu məqsədlə ölkədə və xaricdə elm, mədəniyyət, səhiyyə və digər sahələrdə irimiqyaslı layihələr həyata keçirdiyi barədə məlumatlarla tamamlamışdır.

AzərTAc

Digər xəbərlər