PDF Oxu

Siyasət

  • 12

Səbaildə möhtəşəm gül bayramı keçirildi

Səbaildə möhtəşəm gül bayramı keçirildi

Rayon sakinləri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyini böyük coşqu ilə qeyd etdi

Hər il may ayının gəlişini xalqımız sevinc, ümid və iftixar hissilə qarşılayır. Bu da təsadüfi deyil. Məhz bu ayda müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın xilaskarı, Ümummilli Liderimiz Heydər Əliyevin doğum günü təntənə ilə, böyük məhəbbət və fəxrlə bayram edilir. Əlamətdar gün münasibəti ilə Səbail rayonunda da silsilə tədbirlər keçirilir. Mayın 9-da Səbail rayonunda da əsil bayram ovqatı yaşanmaqdaydı. Həzin musiqi sədaları günəşli may səhərində hər bir səbaillilərin "Sahil" bağında keçirilən ümumrayon "Gül bayramı"na səsləyirdi. Bu əlamətdar bayramla əlaqədar "Sahil bağı"nda lazımi abadlıq işləri aparılmış, park başdan-başa bəzədilmiş, bayramın gözəl və yaddaqalan keçməsi üçün rayonun orta məktəbləri və məktəbəqədər təhsil müəssisələri tərəfindən ciddi hazırlıq tədbirləri görülmüşdür. Rayonun ali, orta və orta ixtisas məktəblərinin, səhiyyə müəssisələrinin, uşaq yaradıcılıq mərkəzinin şagirdləri müxtəlif çiçək və güllərdən, bitkilərdən, yarpaqlardan hazırladıqları rəngarəng tablolar, aplikasiyalar, gül kompozisiyaları öz görünüşü və gözəlliyi ilə seçilmiş, şagirdlərin fantaziyaları və imkanları nümayiş etdirilmiş, bayramda iştirak edən Bakı sakinlərinin və şəhərimizin çoxsaylı qonaqlarının diqqətini cəlb etmişdir.

Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov, Milli Məclisin deputatı Fuad Muradov və digər qonaqlar rayonun idarə və təşkilatlarının, ictimai təşkilatların, ali, orta və məktəbəqədər təhsil müəssisələrinin, rayon ictimaiyyəti nümayəndələrinin toplaşdığı "Sahil bağı"nı gəzmiş, maraqlı gül ekspozisiyaları ilə tanış olmuş, bayramın iştirakçıları ilə səmimi söhbətlər etmişlər.

Sonra Bakı şəhər İcra Hakimiyyətinin müsabiqə komissiyasının üzvlərinin iştirakı ilə parkdakı gül kompozisiyaları və əl işlərinə baxış keçirilmiş, əl işləri onlara xoş təsir bağışlamışdır.

"Sahil bağı" nağıllar və gözəllik aləmini xatırladırdı. Çiçəklərlə bəzədilmiş 2 dekorativ arka parkın girişinə xüsusi yaraşıq verirdi. Parkdakı fəvvarələr tər güllərlə bəzədilmiş, gözəl və rəngarəng gül kompozisiyaları, güldən hazırlanmış müxtəlif fiqurlar arasında Ümummilli Liderimiz Heydər Əliyev və görkəmli alim, akademik Zərifə xanım Əliyeva ilə bağlı kompozisiyalar, Bakı şəhərinin və mərkəzi rayonu olan Səbail rayonun simvolu olan Qız Qalasının, Bakı şəhərinin gerbinin, paytaxtımızın simvoluna çevrilən "Alov qüllələri" kompleksinin, Azərbaycanda ilk dəfə Bibiheybət buxtasında mexaniki üsulla qazılmış ilk neft buruğunun, "Səbail" gəmisinin güldən hazırlanmış və güllə işlənmiş maketləri, bayram iştirakçılarının diqqətini xüsusilə cəlb etmişdir. Parkdakı kompozisiyalar insanları dönə-dönə ayaq saxlamağa, dahi şəxsiyyətə xalq məhəbbətinə güllərin, çiçəklərin dili ilə baxmağa vadar edirdi.

Rayondakı Dövlət İqtisad, Pedaqoji və "Qərb" universitetlərinin, 18 orta məktəbin, 18 uşaq bağçasının, 2 uşaq yaradıcılıq və texniki yaradıcılıq mərkəzinin şagirdlərinin, səhiyyə və rayonun bir sıra digər təşkilat və müəssisələrinin kollektivlərinin nümayiş etdirdikləri gül kompozisiyaları, müxtəlif heyvanların, tarixi yerlərin güldən hazırlanmış maketləri və şagirdlərin hazırladıqları müxtəlif materiallardan işlənmiş sənət nümunələri, xüsusilə də, Ulu Öndər Heydər Əliyev və görkəmli alim, akademik Zərifə xanım Əliyevanın muncuqlardan hazırlanmış portretləri iştirakçılarda daha xoş təəssürat yaratmışdır. Təsviri incəsənətlə məşğul olan məktəblilərin asfalt üzərində çəkdiyi şəkilləri də münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilmişdir.

Bayram zamanı orta və məktəbəqədər təhsil müəssisələrinin güllərdən və müxtəlif əlvan materiallardan hazırlanmış geyimli uşaqları Ulu Öndərimizə, xalqımıza, vətənimizə həsr olunmuş şeir və mahnılarla qonaqlar qarşısında çıxış etmişlər.

Müdrik rəhbərin təbiətə, gözəlliyə sevgisi, Azərbaycan təbiətini qorumaqla bağlı tövsiyələri bu gün də məhəbbətlə qarşılanır. Ümummilli Lider Heydər Əliyevin təbiət, gözəlliklə bağlı arzuları, ideyaları Onun layiqli davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla gerçəkləşdirilir.

Eyni zamanda, incəsənət ustaları, bədii özfəaliyyət kollektivləri və rayonun musiqi məktəblilərinin kollektivlərinin iştirakı ilə bütün gün ərzində davam edən konsert proqramı tədbiri daha baxımlı və maraqlı etmişdir.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər