Astaralılar Ulu Öndərin anadan olmasının 90 illik yubileyi ərəfəsində yeni məktəb sevincini yaşadılar
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi, hər yerdə olduğu kimi, Astarada da böyük ruh yüksəyliyi ilə keçir. Belə ki, bu günlərdə rayonun ən ucqar dağlıq ərazilərindən biri olan Motlayataq kəndində yeni tikilmiş məktəb binasının açılışı olub. Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış edərək kənd sakinlərini salamlayaraq, yeni məktəbin açılışı münasibətilə onları təbrik edib: "Ölkəmiz və xalqımız üçün əlamətdar olan bu günlərdə - Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində xalqımız sevinc içindədir. Yüksək dağlıq ərazidə yerləşən Motlayataq kənd sakinləri isə burada müasir arxitekturaya uyğun ikimərtəbəli yeni məktəb binasının istifadəyə verilməsi ilə bu sevinci ikiqat yaşayırlar. Yeni məktəb tikintisi sakinlərin çoxdankı arzusu idi. Ona görə də, bu tədbir kənd sakinlərinin, müəllim və şagird kollektivinin ölkə rəhbərinə hədsiz minnətdarlıqları ilə yaddaqalan olacaq. Çünki 220 şagird yerlik, ikimərtəbəli yeni məktəb binasında şagirdlərin yüksək səviyyədə təhsil alması üçün hər cür şərait vardır. Respublikamızın bütün regionlarında olduğu kimi, Astarada da son illər yeni məktəb binalarının tikintisinə, təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə diqqət artırılmışdır. Bunun əyani sübutudur ki, son 4 ildə rayonda 27 məktəb üçün yeni bina tikilib istifadəyə verilmiş, 11 məktəb əsaslı təmir olunmuşdur. Hazırda rayonda bir neçə yeni məktəb binası inşa olunur. Geniş vüsət almış məktəb tikintisi "Regionların sosial-iqtisadi inkişafı" Dövlət Proqramına uyğun olaraq aparılır".
Son illərdə təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində dövlət səviyyəsində həyata keçirilən tədbirlərin aparıldığını deyən Q.Ağayev onu da vurğuladı ki, Ulu Öndər həmişə elmə, təhsilə böyük diqqət və qayğı göstərirdi: "Bu siyasəti uğurla davam etdirən ölkə Prezidenti möhtərəm cənab İlham Əliyev də təhsilin inkişafına böyük diqqət göstərir. Bugünkü məktəbin açılışı bunun bariz nümunəsidir. Hazırda bəlkə dünyanın heç bir ölkəsində Azərbaycanda olduğu qədər yeni məktəb binası tikilib istifadəyə verilmir. Elə bu ucqar ərazi nümayəndəliyində yerləşən dörd məktəbin hər biri yeni tikilir. Asxanakəran kənd tam orta məktəbində tikinti işləri başa çatmaq üzrədir. Amboba və Əzərüd kəndlərində yeni məktəbin tikintisi ilə əlaqədar layihə- smeta sənədləri hazırlanmış, yaxın günlərdə inşasına başlanacaqdır. Bütün bunlar yetişməkdə olan gənc nəslin yüksək savad alması, elmi biliklərə yiyələnməsi və öz xalqına və dövlətinə ləyaqətlə xidmət etməsi üçündür. Görülən işlər təkcə məktəb tikintisi ilə məhdudlaşmır. Keçən il bu yollarda cari təmir işləri aparılması ilə qış mövsümündə avtomobillərin maneəsiz hərəkəti üçün əlverişli şərait yarandı. Yaxın günlərdə yola yenidən texnika cəlb olunacaq və yolların əsaslı təmirinə başlanacaqdır. Əhalinin rahatlığını təmin etməkdən ötrü hər cür köməklik göstəriləcəkdir. Sizi yeni tikilmiş bu məktəb binasının istifadəyə verilməsi münasibətilə bir daha təbrik edir, inanırıq ki, burada təhsil alan uşaqlar dövlətimizin və xalqımızın ən layiqli övladları kimi yetişəcəklər".
Tədbirdə rayon təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova da təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən genişmiqyaslı işlərdən danışaraq ölkə Prezidenti İlham Əliyev cənablarına rayonun bütün pedaqoji və şagird kollektivi adından dərin minnətdarlığını bildirdi.
Motlayataq kənd tam orta məktəbinin direktoru Ziyabəddin Nəcəfov, kənd ağsaqqalı Abid Sovqatov, müəllim Ramiz Gənciyev, şəhid ailəsi Rizvan Qurbanov və başqaları çıxış edərək əlamətdar günlər ərəfəsində ucqar bir dağ kəndində hər cür yüksək şəraitə malik məktəb binasının istifadəyə verilməsini, Ulu Öndər siyasətinin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasətin məntiqi nəticəsi olduğunu vurğuladılar. Müstəqil dövlətimizin inkişafı naminə ölkə rəhbərinin gördüyü möhtəşəm işləri alqışlayan kənd sakinləri qarşıdan gələn prezident seçkilərində ən layiqli namizəd olan İlham Əliyevə səs verəcəklərini birmənalı şəkildə bildirdilər. Sonra rayon icra hakimiyyətinin başçısı Q.Ağayev Motlayataq kənd tam orta məktəbinin yeni tədris binasının açılış lentini kəsdi.
Tədbir iştirakçıları şagird və müəllimlər üçün yaradılmış şəraitlə tanış oldular.
R.KAMALQIZI