Azərbaycan Milli Elmlər Akademiyası Polimer Materialları İnstitutunda Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın müxbir üzvü Abasqulu Quliyev Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan elminin inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərdən, respublikamıza rəhbərlik etdiyi dövrlərdə elmə və təhsilə göstərdiyi diqqət və qayğıdan danışdı.
Tədbirdə YAP-ın fəal üzvü, professor Ağa Mustafayev "Heydər Əliyev və Sumqayıt kimya sənayesinin inkişafı" mövzusunda məruzə ilə çıxış edib, Ümummilli Liderin müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətlərindən və tarixi nailiyyətlərindən söz açdı.
İnstitutun əməkdaşları - AMEA-nın müxbir üzvü Yavuz Rustəmov, institutun elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru Valeh Cəfərov, kimya elmləri namizədi Şamı Sadiqov, kimya elmləri doktoru Telman Aslanov çıxış edərək, Ulu Öndər Heydər Əliyevin xalqımıza böyük xidmətlərindən, uzaqgörən siyasətindən, liderlik xüsusiyyətlərindən, gənclərə olan qayğısından danışaraq, Onun bu və ya digər keyfiyyətləri ilə nadir Şəxsiyyət olduğunu qeyd etdilər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sərgi də nümayiş etdirildi.
NƏZAKƏT