YAP Şamaxı rayon təşkilatının qadınlar şurası Ulu Öndər Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünü qeyd edib
Yeni Azərbaycan Partiyasının Şamaxı rayon təşkilatının qadınlar şurasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə YAP Şamaxı rayon təşkilatı qadınlar şurasının sədri Gülnisə Ələkbərova Ulu Öndər Heydər Əliyevin doğum gününün milli bayram səviyyəsində qeyd olunduğunu bildirib: "Ümummilli Liderimizin doğum günü ərəfəsində bir araya gələrək, bu Böyük Şəxsiyyət barədə fikirlərimizi bölüşərkən, bir daha hiss edirik ki, Dahi Öndər Heydər Əliyev haqqında nə qədər ibrətamiz fikirlər deyilsə də, yenə də nəyi isə deməyiblər. Bax, bu hiss, bu fikir neçə illərdir ki, yaranır və bunun özü Heydər Əliyev şəxsiyyətinin əlçatmaz bir zirvə olduğunu göstərir".
G.Ələkbərova onu da vurğulayıb ki, Azərbaycan bəşəriyyətə verdiyi tarixi şəxsiyyətləri ilə daim öyünüb, fəxr edib: "İstənilən xalqa şəxsiyyət gərəkdir. Onları zaman yetişdirir və onlarsız keçinmək mümkün deyil. Buna görə də biz fəxr edirik ki, Heydər Əliyev kimi Dahi, Müdrik, Əbədiyaşar, Ümummilli Liderimiz var. Bu gün Azərbaycan Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi düzgün yolla uğurla irəliləyərək, ən yüksək zirvələri fəth edir, mühüm uğurları ilə dünyanın diqqətindədir. Bu uğurlar Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursunun hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində, daha da artmaqdadır".
Tədbirdə YAP Şamaxı rayon təşkilatının qadınlar şurasının üzvləri Məleykə Kamilova, Nəzakət Abdulrazaqova, Səidə Novruzova və başqaları bildiriblər ki, Dahi Şəxsiyyət Heydər Əliyevin siyasi obrazı Azərbaycan xalqının dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsidir. Çıxış edənlər söyləyiblər ki, bu gün bütün nailiyyətlərimizə görə, Ümummilli Liderimiz Heydər Əliyevə borcluyuq. Çünki bu gün Azərbaycanı uğura aparan yol Dahi Liderimiz Heydər Əliyev ideyalarıdır və bu ideyaların davamçısı olan ölkə Prezidenti İlham Əliyev cənablarının siyasətə sadiqliyidir. Azərbaycan bu gün cənab İlham Əliyevin rəhbərliyi altında aydın bir yolla öz parlaq sabahlarına doğru addımlayır. Bu yol Heydər Əliyev yoludur. Davamı müstəqil Azərbaycan dövlətinin ömrü qədər sonsuz olan bu yolda hər bir fədakar vətəndaş Ulu Öndər Heydər Əliyev ideyalarına sadiq olmalı, Prezident İlham Əliyevin ətrafında daha sıx birləşməlidir.
Sonda 9 və 2 saylı məktəbin şagirdləri ədəbi kompozisiya təqdim etdilər.
AYTƏN