Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə bağlı Samux rayon icra hakimiyyətinin və YAP Samux rayon təşkilatının birgə tədbiri keçirilib. Tədbir iştirakçıları öncə rayonun mərkəzində ucaldılan Ulu Öndərin abidəsi önünə tər gül-çiçək dəstələri düzərək Ümummilli Liderin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər. Samux rayon icra hakimiyyətinin başçısı Alı Qocayev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyəti, Onun Azərbaycan tarixindəki rolu barədə geniş məruzə ilə çıxış edib. Natiq qeyd edib ki, XX əsr bəşəriyyətə çox görkəmli elm xadimləri, müdrik, təcrübəli və qətiyyətli rəhbərlər, son dərəcəli bacarıqlı dövlət başçıları bəxş etmişdir: "Xalqımızın dahi şəxsiyyəti, bütün türk dünyasının fəxri Heydər Əliyev məhz belə şəxsiyyətlər sırasında önəmli yer tutmuşdur. Taleyin hökmü ilə iki dəfə xilaskarlıq missiyasını üzərinə götürərək, hakimiyyətə gələn Heydər Əliyev hər dəfə Azərbaycanın müqəddaratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çatmış, ona dayaq olmuş, zamanın ağır məngənəsindən xilas etmişdir".
Tədbirdə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirdi ki, Heydər Əliyevin həyat və fəaliyyəti böyük bir məktəbdir və daim öyrənilməkdədir: "Bu dahi şəxsiyyətin müyyənləşdirdiyi müdrik siyasi kurs bu gün də, gələcəkdə də dəyişməz olaraq qalacaqdır. Çünki bu siyasət Azərbaycana daim uğur və xoşbəxtlik gətirir. Dahi rəhbər vaxtilə demişdir: "Nə qədər ki, Azərbaycan var, mən də varam! Mən isə, Azərbaycanda həmişə olacağam". O, doğrudan da, həmişə bizimlə olacaq, çiçəklənən vətənimizin hər güşəsində onun abidəsi ucalacaqdır. Onun ən böyük abidəsi isə xalqın qəlbindədir".
Samux rayon icra hakimiyyəti başçısının müavini, YAP Samux rayon qadınlar şurasının sədri Kəmalə Xəlilova çıxış edərək bildirib ki, müasir dövrdə Azərbaycan dövlətinin əldə etdiyi uğurlar, mövcud iqtisadi yüksəliş, ölkəmizin dünyanın siyasi arenasında söz sahibinə çevrilməsi, bilavasitə, Ulu Öndərin adı ilə bağlıdır: "Çox çətin bir vəziyyətdə, ölkədə daxili ziddiyətlərin baş alıb getdiyi bir vaxtda hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev Azərbaycanda vətəndaş müharibəsinin qarşısını aldı və cəbhə xəttində atəşkəsə nail olundu".
Tədbirdə çıxış edən digər natiqlər Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarının, siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycanın çiçəklənməsi naminə gördüyü işlərdən, apardığı məqsədyönlü daxili və xarici siyasətdən danışdılar. Qeyd etdilər ki, Prezident İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində iqtisadiyyatımız dinamik sürətlə inkişaf edir və buna görə Azərbaycan Avropanın önəmli tərəfdaşına çevrilir.
Tədbirin sonunda Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar sisilə tədbirlər planına uyğun olaraq keçirilən inşa yazı müsabiqəsində, şahmat turnirində, mini-futbol və bilik yarışlarında qalib gələn məktəblilərə fəxri fərman və hədiyyələr, YAP-a yeni üzv olanlara isə üzvlük vəsiqəsi təqdim olundu.
R.HÜSEYNOVA