Mayın 11-də Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının X konfransı keçirilmişdir.
Konfrans iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin Balakən şəhərinin mədəniyyət və istirahət parkında ucaldılmış abidəsi önünə gül-çiçək düzmüş, xatirəsinə ehtiramlarını bildirmişlər.
YAP rayon təşkilatının sədri Azad Balayevin hesabat məruzəsində təşkilatın əvvəlki konfransdan ötən dövr ərzindəki fəaliyyəti ətraflı təhlil olunmuş, qarşıda duran vəzifələrdən bəhs edilmişdir.
Konfransda YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə, rayon icra hakimiyyətinin başçısı İslam Rzayev və başqaları çıxış edərək Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında Yeni Azərbaycan Partiyasının mühüm rolu və xidmətləri olduğunu bildirmişlər.
Bildirilmişdir ki, qarşıdan Yeni Azərbaycan Partiyasının V qurultayı gəlir. Hakim partiya olan YAP bu qurultayda Azərbaycan prezidentliyinə namizədini irəli sürəcəkdir. Bu gün birmənalı şəkildə qeyd etmək olar ki, 600 mindən çox üzvü olan YAP partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş milli inkişaf kursunu dəstəkləyəcək, prezident seçkilərində bütün qüvvələri səfərbər edərək Yeni Azərbaycan Partiyasının namizədinin qalib gəlməsi üçün səylə çalışacaqdır.
Konfransda Yeni Azərbaycan Partiyasının V qurultayına nümayəndələr seçilmişdir.
Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, YAP-ın sədri İlham Əliyevə müraciət qəbul edilmişdir.
yap.org.az