Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Azərbaycanın Misirdəki səfirliyi və Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə misirli tələbələr arasında "Mən Azərbaycan haqqında nə bilirəm" inşa müsabiqəsi keçirilmişdir.
Misirin Qahirə və Ayn-Şəms Universitetləri ilə birlikdə keçirilən bu müsabiqə çərçivəsində tələbələr Heydər Əliyevin şəxsiyyəti və siyasi fəaliyyəti, Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, enerji siyasəti, Ermənistan-Azərbaycan münaqişəsi və Xocalı soyqırımı mövzuları üzrə inşalar təqdim etmişlər.
Layihədə Misirin Qahirə, Ayn-Şəms, Əl-Əzhər, Əl-Zəqaziq və Helvan universitetlərindən 150-dən artıq tələbə iştirak etmişdir.
Müsabiqə ilə əlaqədar səfirlikdə keçirilmiş tədbirdə çıxış edən
səfir Ş.Abdullayev Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan xalqının tarixində oynadığı əvəzedilməz rolu haqqında ətraflı məlumat vermişdir. O, Heydər Əliyevin parlaq xatirəsinin Azərbaycan xalqının qəlbində daim yaşayacağını vurğulamış və bu layihədə fəal iştiraklarına görə tələbələrə təşəkkürünü bildirmişdir.
Tədbir çərçivəsində Azərbaycan haqqında sənədli film nümayiş etdirilmiş və layihədə iştirak edən tələbələrə şəhadətnamə və suvenirlər verilmişdir.
Müsabiqə çərçivəsində 10 ən yaxşı inşa yazısının müəllifləri üçün Azərbaycana səfər etmək imkanı yaradılacaqdır.
AzərTAc