Fransada gündəlik nəşr olunan "Qərbi Fransa" qəzetində mayın 10-da Leql şəhər bələdiyyə idarəsində Azərbaycanın Naftalan şəhəri ilə Fransanın Orn departamentindəki Leql şəhərinin qardaşlaşmasına dair sənədin imzalanmasından bəhs edən məqalə çap olunmuşdur.
Qəzetin müəllifi Erik de Qranmezon "Leql və Naftalan öz istiqamətlərini birləşdirirlər" sərlövhəli məqaləsində Leql meri Tierri Pinonun, Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyovun və Naftalan şəhər bələdiyyə idarəsinin rəhbəri Mahir Məmmədovun iştirakı ilə Fransa ilə Azərbaycan arasında ilk qardaşlaşmaya dair sənədin imzalandığını diqqətə çəkmişdir.
Məqalədə Elçin Əmirbəyovun imzalanma mərasimində söylədiyi fikrinə istinadən bildirilir ki, bu addım Azərbaycanı Fransada tanıtmaq məqsədi daşıyır. Bakı üçün Fransa strateji tərəfdaşdır.
Leqlin meri Tierri Tino isə qeyd etmişdir ki, bu, iki xalq arasında qardaşlaşmanın ifadəsidir. Əsas ideyamız demokratiya yolunda irəliləyən ölkələrə kömək etməkdir.
Müəllif Rusiya, Türkiyə, İran və Gürcüstanla sərhəddə yerləşən və Qafqazın incisi olan Azərbaycanın ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyi barədə də oxuculara məlumat çatdırmışdır.
Məqalədə müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz barədə Fransada yaxşı təəssürat yarandığı qeyd olunmuşdur.
Səfir qəzetə müsahibəsində demişdir ki, 1991-ci ildə müstəqilliyini bərpa edildikdən sonra Azərbaycan sürətlə inkişaf etməyə başlamışdır.
Orn departamentindən senator seçilən Natali Qule qardaşlaşmaya dair sənədin imzalanmasını iki ölkə arasında əlaqələrin inkişafı istiqamətində növbəti qələbə adlandırmışdır.
Qəzetin başqa nömrəsində Azərbaycanın Naftalan və Fransanın Leql şəhərlərinin qardaşlaşmasına dair sənədin imzalanması mərasimi ilə əlaqədar Leqldə gənc pianoçu Zülfiyyə Sadıqovanın pianoda klassik Azərbaycan musiqisi ilə yanaşı avropalı bəstəkarların əsərlərini də məharətlə ifa etdiyi xüsusi vurğulanmışdır.
AzərTAc