Mayın 13-də Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın növbəti iclası keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə Şurada qeydiyyata alınmış, əsas fəaliyyət istiqamətləri gənclər ilə bağlı olan QHT-lərin nümayəndələrinin və ekspertlərin iştirakı ilə gündəlikdə duran məsələlər müzakirə olunmuşdur.
Şuranın sədri Nurəddin Mehdiyev tədbiri açaraq ictimai-siyasi həyatda gənclərin rolu, dövlətin gənclərə göstərdiyi diqqət və qayğıdan danışmışdır. Qeyd etmişdir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Gənclərin cəmiyyətin bütün sahələrində önəmli yer tutduğunu vurğulayan N.Mehdiyev bu gün yüzlərlə azərbaycanlı gəncin dövlət xətti ilə xarici ölkələrdə təhsil aldığını diqqətə çatdırmışdır. Bildirmişdir ki, hazırda dövlət qurumlarında çalışan gənclərin sayı xeyli artıb. Şura sədri, həmçinin cari ildə keçiriləcək prezident seçkilərində Azərbaycan gəncliyinin öz səsini inandığı namizədə, Prezident İlham Əliyevə verəcəyinə əminliyini ifadə etmişdir.
Tədbirdə çıxış edən İctimai Şuranın sədr müavini Gülsel Səfərova beynəlxalq təşkilatların Azərbaycanla bağlı hazırladıqları qərəzli hesabatlardan danışmışdır. Vurğulamışdır ki, "Amnesty İnternational", "Human Rights Watch" kimi bir sıra beynəlxalq təşkilatlar Azərbaycan, o cümlədən Dağlıq Qarabağ haqqında təhrif olunmuş faktlara əsaslanan hesabatlar hazırlayırlar. Bu cür hesabatlar Azərbaycanın inkişafından narahat olan müəyyən siyasi dairələrin maraqlarına xidmət edir. G.Səfərova bildirmişdir ki, korrupsiyaya qarşı Prezident İlham Əliyev tərəfindən həyata keçirilən mübarizə, "ASAN xidmət" mərkəzlərində hazırlanan layihələr bütün bu faktların əsassız olduğunu bir daha sübut edir. O demişdir: "Biz gənclər olaraq Prezident İlham Əliyevin apardığı uğurlu xarici və daxili siyasəti tam dəstəkləyirik".
Daha sonra tədbirdə çıxış edən "Demokratik Azərbaycan Naminə" Gənclər İctimai Birliyinin sədri Elməddin Behbud, Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyətinin (ATGDC) sədri Rəşxan Qaraşlı və digər iştirakçılar da gənclərin ölkənin ictimai-siyasi həyatında iştirakı, azərbaycançılıq ideologiyası və gənclərin formalaşması, vətəndaş cəmiyyətinin fəal hissəsi kimi gənclər təşkilatlarının baş verən proseslərə reaksiyası, ünsiyyətin təşkili, fərdi inkişaf, gənclərin sosial fəallığı, o cümlədən gənclərin məsuliyyəti kimi mövzularda çıxış etmişlər. Gənclər Prezident İlham Əliyevin siyasətini tam dəstəklədiklərini bəyan etmiş və bütün Azərbaycan gənclərini qarşıdan gələn prezident seçkilərində Prezident İlham Əliyevə səs verməyə çağırmışlar.
AzərTAc