PDF Oxu

Siyasət

  • 9

Gənclərlə İş üzrə İctimai Şuranın iclası keçirilib

Gənclərlə İş üzrə İctimai Şuranın iclası keçirilib

Bu gün Gənclər və İdman Nazirliyinin yanında fəaliyyət göstərən Gənclərlə İş üzrə İctimai Şuranın iclası keçirilib. Şurada qeydiyyata alınmış əsas fəaliyyət istiqamətləri gənclərlə bağlı olan QHT-lər, ekspertlərin iştirakı ilə gündəlikdə duran məsələləri müzakirə ediblər. SİA-nın xəbərinə görə, tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev açaraq, gənclərin ictimai-siyasi həyatdakı rolu, dövlətin gənclərə göstərdiyi diqqət və qayğısı haqqında danışıb. Bildirilib ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Azərbaycan yeganə ölkələrdəndir ki, burada gənclər siyasəti həyata keçirilir. Bu gün Azərbaycan, Mərkəzi və Şərqi Avropa ölkələri arasında öz rolunu və mövqeyini qoruyub saxlayıb. Gənclər cəmiyyətin sosial, ictimai-siyasi həyatında mühüm keyfiyyətlərə malikdir. Yüzlərlə Azərbaycan gənci dövlətin səyi sayəsində xarici ölkələrdə təhsil alır. Hazırda dövlət qurumlarında çalışan gənclərin sayı xeyli artıb. İnanırıq ki, builki prezident seçkilərində Azərbaycan gəncləri inandığı namizədə, yəni Prezident İlham Əliyevə səs verəcəklər".

Tədbirdə çıxış edən Şuranın sədr müavini Gülsel Səfərova isə beynəlxalq təşkilatların Azərbaycana qarşı qərəzli hesabatları haqqında söz açıb. O, qeyd edib ki, "Amnesty İnternational", "Human Rights Watch" kimi bir sıra beynəlxalq təşkilatlar Azərbaycan, o cümlədən Dağlıq Qarabağ haqqında təhrif olunmuş faktlara əsaslanan hesabatlar hazırlayırlar: "Bu cür hesabatlar Azərbaycanın inkişafından narahat olan müəyyən siyasi dairələrin maraqlarına xidmət edir. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən korrupsiyaya qarşı mübarizə, ASAN xidmət layihələri bütün bu faktların əsassız olduğunu bir daha ortaya qoydu. Ölkəmizin xarici siyasətində əldə etdiyi uğurlar, o cümlədən BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olması, hər şeyi açıq-aşkar ortaya qoydu. Biz gənclər olaraq Prezident İlham Əliyevin apardığı uğurlu xarici və daxili siyasəti tam dəstəkləyirik".

Daha sonra tədbirdə çıxış edən "Demokratik Azərbaycan Naminə" İctimai Birliyinin sədri Elməddin Behbud, Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyətinin (ATGDC) sədri Rəşxan Qaraşlı, Tərxis Olunmuş Hərbçilərin İctimai Birliyinin sədri Emin Həsənli və digər iştirakçılar da gənclərin ölkənin ictimai-siyasi həyatında rolu, azərbaycançılıq ideologiyası və gənclərin formalaşması, ünsiyyətin təşkili, fərdi inkişaf, gənclərin sosial fəallığı, ictimai həyatda iştirakı, o cümlədən gənclərin məsuliyyəti və ictimai- siyasi proseslər mövzusunda çıxış ediblər.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov isə deyib ki, Azərbaycan dövlətinin gənclər siyasəti bilavasitə gənclərin iştirakı ilə formalaşır, onların iştirakı ilə həyata keçirilir və bu siyasətin həm formalaşması, həm həyata keçirilməsi mərhələsi, həm də gələcək planlar gənclərdən gəlir.

PA rəsmisinin sözlərinə görə, dövlət bu təklifləri sistemləşdirir və həyata keçirir: "O yerdə ki, fəaliyyət kortəbii deyil, planlı şəkildə, aşağıdan gələn təkliflərlə, bu sahəyə aid olan şəxslərin ideyaları əsasında formalaşırsa, belə siyasət həmişə davamlı, daha praktik və praqmatik olur. Gənclərin çıxışını dinlədikcə bir daha inanırsan ki, sabaha daha arxayın addımlamaq və gələcəyə ümidlə baxmaq olar. Əgər vətəndaş nikbindirsə deməli sabaha ümid və inam var. İnsanların fəaliyyəti şüurludursa, konkret hədəflərə ünvanlanıbsa, o siyasəti yürüdənlər iradəlidirsə, deməli müvəffəqiyyətdən danışmaq olar. Gənclərin Prezident İlham Əliyevi dəstəkləməsini alqışlayıram, hesab edirəm ki, bu, sizin süurlu seçiminizdir, İlham Əliyevin prezident seçkilərində namizədliyinin dəstəklənməsi əminəm ki, sizdən gələn ideyadır. Bunu sizə nə Gənclər və İdman Nazirliyi, nə də Prezident Administrasiyası məcbur etməyib və ya müdaxilə etməyib. Əminəm ki, bu seçiminizdə yanılmamısınız, şüurlu seçim etmisiniz. Düşünürəm ki, İlham Əliyevin indiyə kimi idarəçiliyində olduğu kimi siz gənclər onun fəaliyyətində bilavasitə əsas iştirakçılardan biri olacaqsınız.

Əli Həsənov ümummilli lider Heydər Əliyevin gənclərə verdiyi töhfəsindən də söz açıb: "1969-cu ildə Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra gənclər ittifaq səviyyəsində tanınmış ali təhsil müəssisələrinə oxumağa göndərdi. Bu, Azərbaycanın kadr potensialının inkişaf etdirilməsinin başlanğıcı idi. Qısa müddətdə 15 min Azərbaycan gənci SSRİ-nin 150-dən artıq tədris müəssisəsində 275 ixtisas üzrə hazırlandı və bu gün ölkənin dövlət quruculuğunda iştirak edir. Heydər Əliyev 1969-1987-ci illərdə Azərbaycanın kadr potensialının inkişafı sahəsində inqilabi addımlar atdı. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildən sonrakı xidməti də gələcək nəsillərin yetişməsinə yönəlmişdi".

Əli Həsənov bildirib ki, indiki ictimai-siyasi modelin beş tələbi var: "Bunlar dövlətçilik, qanunçuluq, cəmiyyətdə sosial ədalət, vətəndaş prinsipiallığı və həmrəyliyidir. Bu gün də bizim söykəndiyimiz əsas məqam bunlardır. 1992-ci ildə hərə bildiyi şüarı cəmiyyət idarəçiliyinin, daxili siyasətin prinsipi elan edirdi. Biri deyirdi ki, türkün türkdən başqa dostu yoxdur, digəri bildirirdi ki, Azərbaycan tezliklə İrana bayraq sancmalıdır və Cənubi Azərbaycan ilə birləşməliyik və möhtəşəm dövlət yaratmalıyıq. Hətta bəziləri deyirdi ki, bizim əsas milli ideyamız Çindəki uyğurları azad edib möhtəşəm dövlət yaratmaqdır. Hələ həmin vaxtlar özümüzün azad olub-olmayacığımız bəlli deyildi. Bu prinsiplər cəmiyyətimizi içəridən dağıdırdı. Heydər Əliyevin qoyduğu ideya isə bu gün də ölkənin inkişafına xidmət edir. Azərbaycançılıq dövlətimizə bağlıdır, bu ideya dövlətin imkanlarından bərabər bəhrələnmək imkanı da yaradır. Azərbaycançılıq vətəndaş həmrəyliyidir və milli mənsubiyyəti inkar etmir. Hər bir insanın milli mənsubiyyəti onun qürur mənbəyidir" ümummilli liderimiz bunu belə bəyan edib. Hər bir insanın zənginliyi bizim mədəniyyətin təməlində durur. Bu mədəniyyətə ləzgilərin, kürdlərin, talışların və Azərbaycanın digər yerli xalqlarının, onun mədəniyyətinə inteqrasiya etdiyi bütün o cəhdləri çıxsaq mədəniyyətimizdə nə qalar? Bizim mədəniyyətimiz Azərbaycanda yaşayan xalqların mədəniyyətinin məcmusudur".

sia.az

Digər xəbərlər