Mayın 13-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Bir millət, iki dövlət: iqtisadi və ticari münasibətlərin inkişaf etdirilməsi istiqamətləri" mövzusunda Beynəlxalq konfrans keçirilmişdir.
Konfrans ADİU beynəlxalq iqtisadi münasibətlər fakültəsi və Türkiyənin Beykent Universitetinin Avrasiya İqtisadi Münasibətlər Dərnəyinin birgə təşkilatçılığı ilə həyata keçirilmişdir.
AzərTAc xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Azərbaycanın böyük oğlu, dahi siyasi xadim Heydər Əliyevin universitetin foyesindəki büstü önünə əklil qoymuşlar.
Konfransda Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilmişdir.
ADİU-nun rektoru, Milli Məclisin elm və təhsil komitəsinin sədri, professor Şəmsəddin Hacıyev konfransın əhəmiyyətindən danışmış, tədbirin işinə uğurlar arzulamışdır. Bildirmişdir ki, bugünkü konfrans aktual bir məsələyə həsr olunmuşdur. İki qardaş dövlət arasındakı münasibətlərdən danışanda, ilk növbədə, iki böyük türk oğlunun - Mustafa Kamal Atatürk və Heydər Əliyevin adları ehtiramla yad edilir.
Rektor vurğulamışdır ki, ümummilli lider Heydər Əliyevin hazırladığı uzunmüddətli strategiya Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu strategiya nəticəsində ölkələrimiz arasında artıq qlobal layihələr reallaşdırılmışdır. Sevindirici haldır ki, uğurlu layihələr hələ də davam etdirilir. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə başlanması və digər layihələr buna əyani sübutdur. Türkiyə ilə əlaqələrimiz bütün sahələr üzrə uğurla davam etdirilir. Gündəmdə olan bizim iqtisadi birliyimiz, azad ticarət zonasının yaradılması və s. iqtisadi inteqrasiya yolunda növbəti addımların atılmasıdır.
Şəmsəddin Hacıyev bildirmişdir ki, Azərbaycan çox sürətlə, dinamik şəkildə inkişaf edir, dünyada öz layiqli yerini tutur. Əgər 1989-cu ildə Azərbaycanın iqtisadiyyatı Cənubi Qafqaz regionunun iqtisadiyyatının 42-43 faizini təşkil edirdisə, hazırda ölkəmizin iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 80-85 faizini təşkil edir. Heç şübhə yoxdur ki, Azərbaycan ilə Türkiyə əlaqələri getdikcə daha da inkişaf edəcək, yeni bir mərhələyə qədəm qoyacaqdır.
Konfransda Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper Coşkun, İqtisadi İnkişaf Nazirliyinin Aparat rəhbəri Samir Vəliyev, Türkiyə Respublikasının İqtisadiyyat Nazirliyinin müşaviri Gazi Bilgin iki qardaş ölkə arasında iqtisadi əlaqələrin inkişafından və gələcək perspektivlərdən danışmışlar.
Sonra bölmə iclaslarında məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.
AzərTAc