Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyi, respublikamızda olduğu kimi, dünyanın bir çox ölkələrində də təntənəli şəkildə qeyd edilib. Yubiley mərasimlərində Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan dövlətinin qurucusu və memarı olduğunu qeyd edilməklə yanaşı, Onun diaspora quruculuğundakı xidmətlərinə də xüsusi diqqət yetirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatına əsasən, Berlində Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib. Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi, Almaniya Türk-Azərbaycan Birliyi, həmçinin Avropa Azərbaycanlıları Konqresinin birgə təşkil etdiyi gecə Berlindəki Türk Evində reallaşıb. Tədbiri açan AAKM-nin icraçı direktoru Samira Patzer İsmailova Ulu Öndərin Azərbaycan üçün göstərdiyi xidmətlərdən danışıb: "Bu gün Azərbaycan Respublikasının azad, müstəqil dövlət kimi tanınması, iqtisadiyyatının gündən-günə güclənməsi, siyasi çəkisinin artması Azərbaycan tarixində misilsiz iz qoymuş, dünya miqyaslı siyasətçi, uzaqgörən rəhbər, görkəmli şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır". Bu günlərdə Berlində və Almaniyanın bir çox şəhərlərində Heydər Əliyevin 90 illik yubileyinin qeyd edildiyini diqqətə çatdıran AAKM-in icraçı direktoru, məhz Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan diasporunun əsasının qoyulduğunu, bununla da dünya azərbaycanlılarının həm vətənlə, həm də bir-biri ilə sıx ünsiyyətinə şərait yaradıldığını vurğulayıb. Odur ki, xaricdə yaşayan azərbaycanlılar Ümummilli Liderin bu xidmətlərini minnətdarlıq hissi ilə yad edir. Diaspor nümayəndəsi Heydər Əliyevin Türkiyə və Azərbaycan dövlətləri, eləcə də xalqları arasında daha sıx əlaqələrin yaradılması istiqamətində yürütdüyü siyasəti xüsusi qeyd edib. Məhz bu siyasətin nəticəsidir ki, bu gün Onun doğum gününü Almaniyada iki qardaş ölkənin nümayəndələri birlikdə qeyd edir.
Tədbirdə Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, Türkiyə Cümhuriyyətinin Almaniyadakı səfiri Hüseyn Avnı Karslıoğlu, Almaniya Türk-Azərbaycan Birliyinin sədri Hakkı Keskin və başqaları çıxış edərək Ulu Öndər Heydər Əliyevi Azərbaycanın uğurlu və tarazlaşdırılmış xarici siyasətinin memarı kimi qiymətləndirib, çağdaş dünyanın tarixində öz xalqını, onun taleyini, milli mədəniyyətini, mənəviyyatını yaxından hiss edən rəhbər olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, Heydər Əliyevin başladığı yol, apardığı siyasət bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Yubiley gecəsinin bədii hissəsində müxtəlif janrlarda musiqilər ifa edilib. Alman musiqiçi Sebastian Nettanın "Küçələrə su səpmişəm" Azərbaycan xalq mahnısını alman dilində ifası alqışlarla qarşılanıb. Musiqiçilər bu mahnını və Müslüm Maqomayevin ifasında səslənən "Azərbaycan" əsərini xüsusi olaraq Azərbaycan mədəniyyətinin hamisi Heydər Əliyevin xatirəsinə ithaf ediblər.
Yubiley tədbirində Heydər Əliyevin xatirəsinə həsr edilmiş rəsm sərgisi də təşkil olunub. Türk Evinin foyesində Azərbaycan rəssamları Günay Şəmsiyeva, Məhəmməd Orucov, İsa Məmmədov və alman rəssamı Nizaket Sinanovskanın rəsmləri sərgilənib.
Tədbirdə Azərbaycan Respublikasın Diasporla iş üzrə Dövlət Komitəsinin nümayəndəsi Elnur Əliyev, Azərbaycan və Türkiyənin diplomatik nümayəndələri, alman, türk və Azərbaycan cəmiyyətlərinin təmsilçiləri və tələbələr də iştirak edib.
BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ
Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyinin təşkilatçılığı ilə Əbu-Dabidəki "Emirates Palace" mehmanxanasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş mərasim keçirilib.
Mərasimdə Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, BƏƏ-nin xarici işlər nazirinin müavini Said Məhəmməd Əli Əl Şəmsi, xarici ölkələrin BƏƏ-də akkreditə olunmuş 30-dan çox səfirləri, Azərbaycanın Dubaydakı baş konsulu və konsulluğun əməkdaşları, BƏƏ-də Azərbaycanın təbliği ilə məşğul olan "Atlantis Holiday Group" turizm şirkətinin sədri, Əbu-Dabidə yaşayan azərbaycanlı iş adamları və başqaları iştirak ediblər.
Mərasimi giriş sözü ilə açan səfir Elxan Qəhrəmanov Ümummilli Liderin şərəfli, həyat yolu və fəaliyyəti haqqında ətraflı məlumat verib. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıdışından sonra apardığı müdrik daxili və xarici siyasət nəticəsində respublikamızın qısa müddətdə sürətlə inkişaf etdiyi, Azərbaycanın dünya dövlətləri ilə müxtəlif sahələrdə əməkdaşlıq əlaqələri qurduğu və bu siyasətin Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Türkiyənin BƏƏ-dəki səfiri Vural Altay müdrik siyasətçi Heydər Əliyevin Türkiyə ilə Azərbaycan arasında qardaşlıq münasibətlərinə mühüm əhəmiyyət verməsindən danışaraq Ümummilli Liderin türk dünyasında Dahi Şəxsiyyət olduğunu bir daha vurğulayıb.
Qazaxıstanın BƏƏ-dəki səfiri Əskər Musinov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin çox bacarıqlı, son dərəcə təcrübəli dövlət başçısı və yetkin siyasi xadim kimi daim postsovet ölkələri, xüsusən də Qazaxıstan ilə sıx əməkdaşlıq etməsindən danışaraq bütün azərbaycanlıları əlamətdar yubiley münasibətilə təbrik edib.
BƏƏ-nin xarici işlər nazirinin müavini Said Məhəmməd Əli Əl Şəmsi, Ukraynanın BƏƏ-dəki səfiri Yuri Polurez və başqaları çıxış edərək, Dahi Şəxsiyyət Heydər Əliyevin Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qorumaq, ölkədə ictimai-siyasi sabitliyə nail olmaq istiqamətində atdığı müdrik addımların BƏƏ hökuməti tərəfindən həmişə yüksək qiymətləndirildiyini qeyd ediblər. Müdrik dövlət başçısı və siyasi xadim Heydər Əliyevin beynəlxalq aləmdə nüfuz və şöhrətinə də nəzər yetirilib.
Sonra mərasim iştirakçıları Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətindən bəhs edən filmə baxıblar.
BERN
Azərbaycanın İsveçrədəki səfirliyi tərəfindən Bern şəhərində Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş təntənəli mərasim keçirilib.
Tədbirdə İsveçrə ictimaiyyətinin tanınmış simaları, Azərbaycan diasporunun üzvləri, bu ölkədə təhsil alan Azərbaycanlı tələbələr, elmi fəaliyyət ilə məşğul olan ziyalılar iştirak ediblər.
Azərbaycan Respublikasının İsveçrədəki səfiri Ə.Zeynallı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevi Azərbaycan tarixinin yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biri kimi səciyyələndirib. Bildirilib ki, ölkəmizə rəhbərlik etdiyi bu illər ərzində Ulu Öndər Azərbaycanın məsuliyyətini çiyinlərində daşımış, onu bir dövlət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmışdır.
Səfir Ulu Öndər tərəfindən əsası qoyulan daxili və xarici siyasətin bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Tədbir çərçivəsində Ümumilli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə hazırlanmış "Əbədiyyət yolu" filmi nümayiş etdirilib.
Təntənəli mərasim Beynəlxalq Muğam Mərkəzinin solistləri- xanəndələr Elnur Zeynalov və Arzu Əliyevanın ifasında konsert proqramı ilə davam etdirilib.
MURMANSK
Murmanskda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilən tədbirdə iştirakçılara ilk olaraq Rusiyadakı Azərbaycan diasporunun həftəlik mətbu orqanı olan "Azerbaydjanskiy Konqress" qəzetinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş nömrəsi paylanılıb.
Yubiley mərasimində çıxış edən Ümumrusiya Azərbaycanlılar Konqresinin Murmansk bölməsinin sədri, regionun İctimai Palatasının üzvü Afil Hüseynov Azərbaycanın və Rusiyanın tarixində Ümummilli Lider Heydər Əliyevin rolundan danışıb.
A.Hüseynov qeyd edib ki, Azərbaycan diasporunun əsası Heydər Əliyev tərəfindən qoyulub. Bu gün dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlıların bir millət ideyası ətrafında sıx birləşməsi məhz Onun fəaliyyətinin nəticəsidir.
Tədbirin sonunda Ulu Öndər Heydər Əliyev haqqında film göstərilib.
Sonra tədbir iştirakçılarına Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev haqqında kitablar və jurnallar paylanılıb.
NYU-YORK
Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Nyu-Yorkda elmi-praktik konfrans keçirilib. Konfransda Nyu-Yorkdakı Azərbaycan diaspora təşkilatlarının nümayəndələri, ABŞ-da yaşayan azərbaycanlılar, əcnəbi diplomatlar və digər qonaqlar iştirak ediblər.
Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəsi səfir Aqşin Mehdiyev tədbirdə çıxış edərək, Ulu Öndər Heydər Əliyevin həyat yolu, dövlətçiliyimizin qorunub saxlanılmasında əvəzsiz xidmətləri, müstəqil Azərbaycanın inkişafı istiqamətindəki fədakar və yorulmaz fəaliyyəti barədə məlumat verib. Ulu Öndər Heydər Əliyevin diaspora sahəsində fəaliyyəti xüsusilə vurğulanıb, dahi şəxsiyyətin Azərbaycan Prezidenti kimi rəsmi və işgüzar səfərləri çərçivəsində xaricdə yaşayan azərbaycanlılarla görüşdüyünü, onların problemləri ilə maraqlandığını, soydaşlarımızı Azərbaycanda investisiya layihələrində iştiraka dəvət etdiyini, onlara hərtərəfli diqqət və qayğı göstərdiyini bildirib. Ulu Öndərin diaspor quruculuğu sahəsində apardığı uzaqgörən siyasətin bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin həyatından və dövlətçilik fəaliyyətindən bəhs edən film nümayiş olunub. Nyu-York şəhərində fəaliyyət göstərən Dağ Yəhudiləri Cəmiyyətinin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin üzvü R.Şamayev Ümummilli Liderin xatirəsinə həsr olunmuş şerlər səsləndirib.
Konfransın sonunda, Daimi Nümayəndəlik tərəfindən qonaqlara dünya şöhrətli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyəti haqqında dərc olunmuş kitablar təqdim olunub.
NƏZAKƏT