Ulu Öndərimiz Heydər Əliyevi çox haqlı olaraq müstəqil Azərbaycanın memarı və qurucusu adlandırırlar. İkinci dəfə qazanılan müstəqilliyin dönməz, sarsılmaz və əbədi olmasını təmin edən Heydər Əliyev bu məqsədə çatmaq üçün çoxlu sınaqlardan keçməli oldu. Ölkəmiz üçün ən ağır və ən məsuliyyətli bir dövrdə - 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi"nin imzalanması ən böyük risk idi. Müstəqilliyimizin xilası və əbədiliyi üçün bu riskə gedən Heydər Əliyev bir daha müdrik və dahi şəxsiyyət, uzaqgörən dövlət başçısı olduğunu əməli şəkildə sübut etdi.
1994-cü il iyunun 21-də Prezident sarayında respublika iqtisadiyyatının və həyatının digər sahələrinin cari məsələlərinə həsr olunmuş müşavirədəki yekun nitqində Ulu Öndər demişdir: "Biz respublikamızda hüquqi-demokratik dövlət qurmaq yolu ilə gedirik. Bu, dövlət quruculuğunda, siyasi sahədə strateji yolumuzdur. Bununla, sıx əlaqədə ikinci sahə iqtisadiyyatın demokratik yollarla idarə edilməsidir, yəni iqtisadiyyatda demokratik islahatlar aparılması, bazar iqtisadiyyatı yoludur. Bütün bunlar kompleks şəkildə respublikamızı gələcəyə aparan yollar, istiqamətlərdir".
Dövlət quruculuğu prosesində demokratik prinsiplərin yer alması nəinki ictimai-siyasi mühiti saflaşdırmış, eləcə də iqtisadi sabitliyi təmin edən köklü faktora çevirmişdir
Azərbaycanın sərbəst bazar münasibətlərinə əsaslanan liberal iqtisadiyyat xəttini dəstəklədiyini dünyaya bəyan edən Ulu Öndərin böyüklüyü ondadır ki, həqiqi müstəqilliyin, siyasi azadlığın iqtisadi qüdrət və inkişafdan keçdiyini bilir və ölkənin məhz belə bir yolla irəliləməsini təqdir edirdi. Heydər Əliyev iqtisadi platformasında iqtisadi islahatlar dedikdə, Azərbaycan iqtisadiyyatını bazar iqtisadiyyatı yolu ilə aparmaq, özəl bölmənin fəaliyyətini genişləndirmək və özəlləşdirməni həyata keçirmək, sahibkarlığa, təşəbbüskarlığa geniş imkanlar yaratmaq, ölkə iqtisadiyyatını dünyanın inkişaf etmiş ölkələrinin iqtisadi sistemi əsasında qurmaq və dünya iqtisadiyyatına inteqrasiya etmək nəzərdə tutulurdu. Bu məqsədə çatmaq üçün düzgün vergi siyasətinin aparılması müstəsna əhəmiyyət kəsb edir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev iqtisadi siyasətin mühüm tərkib hissəsi olan vergi siyasətini həmişə diqqət mərkəzində saxlamış, vergi sisteminin kompleks inkişafı üçün uğurlu tədbirlər həyata keçirmişdir. Dahi öndər ölkədə vergi sisteminin qlobal inkişafını bir-biri ilə sıx əlaqədə olan üç əsas istiqamətdə - vergi qanunvericiliyinin vahid normativ-hüquqi bazasının işlənib hazırlanmasında, vergi inzibatçılığının təkmilləşdirilməsində və vergi orqanlarında xidmət edən əməkdaşların rifahının yüksəldilməsində görürdü. Dövlət müstəqilliyinin ilk illərində qəbul olunmuş və vergitutmanın müxtəlif sahələrini tənzimləyən ayrı-ayrı normativ sənədlərin pərakəndə şəkildə olması həm dövlət vergi orqanları, həm də vergi ödəyiciləri üçün müəyyən çətinliklər və anlaşılmazlıqlar yaradırdı. Eyni zamanda, Azərbaycan Respublikasının beynəlxalq iqtisadi inteqrasiyada daha fəal iştirakını yaxından təmin etmək üçün beynəlxalq standartlara cavab verən vergi qanunvericiliyinin yaradılması olduqca zəruri idi. Bununla əlaqədar olaraq respublikamızda vergitutmanı tənzimləyən vahid normativ sənədin - Azərbaycan Respublikasının Vergi Məcəlləsinin qəbul edilməsi tarixi zərurət kimi meydana çıxmışdı.
Dahi Öndər Heydər Əliyev bu zərurəti nəzərə alaraq respublika Nazirlər Kabinetinin 1998-ci il noyabrın 6-da keçirilən iclasında, 1999-cu ilin dövlət büdcəsinin layihəsinin müzakirəsinə həsr olunmuş respublika müşavirəsində və digər çıxışlarında müvafiq qurumlara qısa müddət ərzində Azərbaycan Respublikasının Vergi Məcəlləsinin layihəsinin hazırlanması tapşırığını vermişdir. Bu tapşırığı əldə rəhbər tutaraq respublikanın qanunvericilik və müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə Vergi Məcəlləsinin layihəsi hazırlanmışdır. Bu zaman beynəlxalq maliyyə qurumlarının, yerli və xarici iş adamlarının və mütəxəssislərin fikir və tövsiyələri nəzərə alınmaqla Vergi Məcəlləsi layihəsinin hazırlanması prosesində onun ayrı-ayrı hissələri Ümummilli Lider Heydər Əliyevin yanında keçirilən müşavirələrdə dəfələrlə müzakirə edilmiş, vergitutmanın sadələşdirilməsi, onun bazasının genişləndirilməsi, vergi yükünün azaldılması və s. barədə onun dəyərli tövsiyələri bu işin uğurla başa çatdırılmasına şərait yaratmışdır. Həmin sənəd Milli Məclisdə geniş müzakirə olunaraq, 2000-ci ilin iyul ayında qəbul edilmiş və Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2000-ci il tarixli 393 saylı Fərmanı ilə 2001-ci il yanvar ayının 1-dən etibarən qüvvəyə minmişdir.
Vergi Məcəlləsi qəbul edildikdən sonra Azərbaycanda vergilərin sayı azaldılaraq maliyyə sanksiyalarının həddi aşağı salınmışdır. Hər il vergi dərəcələri aşağı salınır ki, bu da ölkədə sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına və vergitutma bazasının genişlənməsinə səbəb olur. Vergi siyasətinin tam dolğunluğu ilə həyata keçirilməsi və beynəlxalq standartlara cavab verən yeni vergi qanunvericiliyi bazasının yaradılması təkmil vergi inzibatçılığını zəruri etdi. Bu baxımdan dahi öndər Heydər Əliyev cənablarının tövsiyələrini nəzərə alaraq, 1999-cu ilin ortalarından başlayaraq vergi orqanlarının strukturunun müasirləşdirilməsinə dair hazırlıq işlərinə başlanıldı. Bu sahədəki qabaqcıl dünya təcrübəsi araşdırıldı, bir sıra alternativ variantlar işlənib hazırlandı və son nəticədə vergi orqanlarında funksional əsasda fəaliyyət göstərən struktura üstünlük verildi. Beləliklə, Ümummilli Liderimiz Heydər Əliyevin Fərmanı ilə 2000-ci ilin 11 fevral tarixində Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində dövlət vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı - Azərbaycan Respublikasının Vergilər Nazirliyi yaradıldı. Yaradılan yeni struktur buna qədər fəaliyyət göstərən struktura xas olmayan sistemlilik, operativlik, koordinasiya və güclü təşkilati-idarəetmə mexanizmi kimi müsbət keyfiyyətləri özündə birləşdirmişdir. Vergilər Nazirliyi yaradıldıqdan sonra Ümummilli Liderimiz Azərbaycan Respublikası Vergilər Nazirliyinin funksiya, hüquq və vəzifələrini müəyyənləşdirən sənədin - "Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Fərman vermiş və "Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında" Sərəncam imzalamışdır.
Vergidən yayınma ilə mübarizənin səmərəliliyinin yüksəldilməsi və bu sahədə Vergilər Nazirliyinin səlahiyyətlərinin artırılması məqsədilə Ümummilli Liderimiz "Azərbaycan Respublikasının cinayət - Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanunu və həmin qanunla təsdiq edilmiş "Azərbaycan Respublikası cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə" Fərmanı ilə vergi xidmətinə "hüquq-mühafizə orqanı" statusu vermişdir.
Vergi inzibatçılığının təkmilləşdirilməsində, normativ-hüquqi bazanın möhkəmləndirilməsində, struktur islahatlarının həyata keçirilməsində Ulu Öndərin sahibkarlarla keçirdiyi görüşlərdən sonra vermiş olduğu fərmanların da müstəsna əhəmiyyəti olmuşdur. Belə ki, 1996, 1999 və 2002-ci illərdə sahibkarlarla görüşlərdən sonra Ümummilli Liderimiz tərəfindən sahibkarlıq subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilə hallarının qarşısının alınması, ölkədə sahibkarlığın inkişafı ilə bağlı bir sıra fərmanlar verilmişdir.
Sahibkarlarla keçirilmiş görüşlərin məntiqi nəticəsi olaraq dahi öndər "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramının təsdiq edilməsi haqqında" 2002-ci il 17 avqust tarixli, "Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət himayəsi sahəsində əlavə tədbirlər haqqında" 2002-ci il 10 sentyabr tarixli və "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında" 2002-ci il 28 sentyabr tarixli fərmanlar verməklə dövlət vergi orqanlarının qarşısında bir sıra mühüm vəzifələr qoydu. Qeyd edilən fərmanlardan irəli gələn məsələlərin həlli ilə bağlı Vergilər Nazirliyinin strukturunda əsaslı dəyişikliklər edilmişdir. Belə ki, Naxçıvan Muxtar Respublikası və erməni işğalı nəticəsində yerlərini müvəqqəti tərk etmiş rayonlar istisna olmaqla, respublikanın ərazisində bütün rayon və şəhər vergi orqanları ləğv edilərək, onların əvəzində hər biri bir neçə rayon və şəhəri əhatə edən Ərazi Vergilər İdarələri, Bakı şəhərinin rayonlarını əhatə edən Vergilər Departamenti yaradılmışdır. Aparılan struktur islahatları nəticəsində vergi xidmətində çalışanların sayının azaldılması ilə yanaşı, vergi xidmətinin səmərəliliyinin artırılmasına və keyfiyyətinin yüksəldilməsinə nail olunmuşdur. Vergi orqanlarında aparılan struktur və kadr islahatlarının gedişində Azərbaycan xalqının Ümummilli Lideri cənab Heydər Əliyev vergi xidməti əməkdaşlarının maddi rifahının yüksəlməsinə də xüsusi diqqət və qayğı göstərmişdir. Dahi Öndər vergi orqanlarında xidməti dövlət qulluğunun xüsusi növü hesab edərək "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Fərman vermiş və bu sahəni xüsusi statuslu xidmət səviyyəsinə qaldırmışdır.
Ulu Öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi iqtisadi siyasətin cənab Prezident İlham Əliyev tərəfindən ardıcıl və inamla davam etdirilməsi büdcə daxilolmalarına da öz müsbət təsirini göstərmişdir. Vergilər Nazirliyi və digər qurumlar tərəfindən yığılan vəsaitlərin cari büdcə xərclərinin bağlanması üçün kifayət etməsi məqsədilə büdcə gəlirlərinin artırılmasının vacibliyi vergi orqanlarının qarşısında duran mühüm vəzifədir. Xüsusilə fərəh doğuran hal son illərdə qeyri-neft sektoru üzrə vergi daxilolmalarının hiss olunacaq dərəcədə artmasıdır.
Vergilər Nazirliyi sistemində tədris və təlimin vəziyyəti, problemlər və perspektivlər haqqında axtarışlar uğurla davam etdirilir. Hazırda ölkəmizdə nağdsız əməliyyatların stimullaşdırılması və nağd əməliyyatların məhdudlaşdırılması ilə bağlı təkliflər paketi hazırlanaraq aidiyyəti üzrə təqdim olunmuşdur. Vergi siyasətinin yerlərdə geniş təbliği sahəsində bölgələrdə fəaliyyət göstərən mətbuat orqanlarının da üzərinə mühüm vəzifələr düşür. Son dövrdə respublikamızın bütün şəhər və rayonlarında Ərazi Vergilər İdarələrinin vergi ödəyicilərinə xidmət mərkəzləri üçün binalar tikilib istifadəyə verilmişdir. Belə mərkəzlərdən biri də Astara şəhərində fəaliyyət göstərir. 6 saylı Ərazi Vergilər İdarəsinin vergi ödəyicilərinə xidmət mərkəzi yerli sahibkarların, iş adamlarının və digər aidiyyəti qurumların tez-tez müraciət etdikləri yerdir.
"Astara" qəzetində vaxtaşırı olaraq 6 saylı Ərazi Vergilər İdarəsinin mütəxəssislərinin vergi siyasəti və Vergi Məcəlləsində edilən dəyişikliklərlə bağlı materialları dərc olunur. "Astara" qəzetinin 15 mart 2013-cü il sayında "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 21 dekabr 2012-ci il tarixli Qanunu ilə əlaqədar 6 saylı Ərazi Vergilər İdarəsinin məlumatları dərc olunmuşdur.
Ümummilli Lider Heydər Əliyevin vergi siyasətinin kompleks inkişafı üçün həyata keçirdiyi uğurlu tədbirlər bu gün daha geniş miqyasda həyata keçirilir və uğurlu nəticələr qazandırır.
Azər Abdullayev,
"Astara" qəzetinin baş redaktoru
Yazı Vergilər Nazirliyinin "Vergilər" qəzetinin və Azərbaycan Mətbuat Şurasının "Heydər Əliyev və Azərbaycanda vergi siyasəti" mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.