PDF Oxu

Siyasət

  • 7

ƏBƏDİYAŞAR DAHİ LİDER

ƏBƏDİYAŞAR DAHİ LİDER

Bölgələrdə Ümummilli Lider Heydər Əliyevin 90 illiyi qeyd olunub

GƏDƏBƏY

Gədəbəy rayonun Zəhmətkənd kənd tam orta məktəbində Ulu Öndər Heydər Əliyevin 90-cı ildönümü və gül bayramı münasibəti ilə geniş tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Zəhmətkənd tam orta məktəbinin həyətində şagirdlər tərəfindən Ulu Öndərin əziz xatirəsinə həsr olunmuş gül kompozisiyası ilə tanış olublar. Sonra tədbiri giriş sözü ilə açan Zəhmətkənd kənd tam orta məktəbinin direktoru Nahid Allahverdiyev Ulu Öndərin bir insan ömrünə sığmayan şərəfli həyat yolundan danışıb. N.Allahverdiyev Ümummilli Lider Heydər Əliyevin hakimiyyətinin bütün dövrlərində Azərbayacanın gələcəyi üçün çalışdığını və bu siyasətin Onun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib.

Təhsilə göstərilən qayğıdan danışan məktəbin direktoru bildirib ki, rayonda 84 ümumtəhsil məktəblərindən 70-i əsaslı təmir edilib, həmçinin yeni tikilən məktəblər də şagirdlərin istifadəsinə verilib: "Bu qayğıya cavab olaraq məktəbimizdə nizam intizam gücləndirilmiş,tədrisin keyfiyyəti yaxşılaşdırılmışdır".

Tədbirdə YAP Gədəbəy rayon təşkilatının aparatını rəhbəri Namiq Rüstəmov çıxış edərək qeyd edib ki, Heydər Əliyevə xalqımızın sevgisi sonsuzdur: "Nə qədər müstəqil Azərbayacan var, qədirbilən xalqımız var, Heydər Əliyev ideyaları xalqımızın qəlbində daimi yaşayacaqdır. Çünki, Heydər Əliyev şəxsiyyəti hələ zaman-zaman öyrənilməmiş bir dünyadır".

N.Rüstəmov Yeni Azərbaycan Partiyasının zəruri şəraitdən yarandığını vurğulayaraq bildirib ki, Ulu Öndər Heydər Əliyevin ideyalarından doğan Proqram və Nizamnaməsinə əsasən qarşıya qoyulan vəzifələri uğurla həyata keçirir, xalqın Ona bəslədiyi ümidləri doğruldaraq, ümumxalq partiyası kimi özünü təstiqləyib. Rayon təşkilatının aparat rəhbəri, həmçinin, müstəqil Azərbaycanın günbəgün inkişaf etdiyini, möhkəmləndiyini və qüdrətləndiyini də söyləyib. Qeyd edib ki, ökəmdə qazanılan bütün uğurlarda YAP fəalları da öndə gedir.

RİH başçısının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Tural Mahmudov çıxışında tədbir iştirakçılarını bayram münasibətilə təbrik edərək, ölkə başçısının rəhbərliyi ilə respublikamızın bütün bölggərində, o cümlədən, Gədəbəy rayonunda da gedən sürətli quruculuq-abadlıq işlərindən geniş məlumat verib.

Sonda tədbir məktəb şagirləri Ulu Öndərinin əziz xatirəsinə həsr edilmiş şer və mahnılar təqdim edib.

ASTARA

Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi respublikamızın, hər yerində olduğu kimi, Astara rayonunda da silsilə tədbirlərlə yaddaqalan olub. Mayın 10-da Astara rayonunu bayramsayağı bəzədilmiş mərkəzi meydanına axın-axın insanlar gəlir, xalqımızın Ümummilli Lideri, dahi şəxsiyyət Heydər Əliyevin, Onun adını daşıyan parkda ucaldılmış abidəsini ziyarət edir, əziz xatirəsinə sonsuz ehtiramlarını nümayiş etdirirdilər.

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev və rayon rəhbərləri, ictimaiyyətin nümayəndələri Ulu Öndərin xatirəsinə həsr olunmuş "Kitab bayramı"nda da iştirak etdilər. Rayon mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru Nazim Fərəməzov ayrı-ayrı bölmələr üzrə nümayiş etdirilən kitab sərgisi haqqında məlumat verdi. Bayram iştirakçıları yeni çap olunmuş kitablarla maraqla tanış oldular.

İcra başçısı Q.Ağayev istedadlı rəssam Firudin Quliyevin, həvəskar rəssamlar Dəniz Baxşizadənin və Aytac Zeynalovanın çəkdikləri Heydər Əliyevin portretlərinə, Kakalos kənd mədəniyyət evindəki "Nəcib qızlar" klubunun üzvlərinin əl işlərinə maraqla tamaşa etdi, ürək sözlərini bildirdi. Rayon mədəniyyət evinin "Sevinc" xalq çalğı alətləri ansamblının və müğənnilərin ifasında səslənən şən musiqi və mahnılar, oğlanlardan ibarət rəqs qrupunun çıxışları tədbir işçilərinin xoş ovqatını daha da artırdı.

Həmçinin, Ümumxalq Liderin ad günü ilə bağlı məktəblilərin "İstedad" adlı festifal qaliblərinin çıxışları oldu. Sonda 75 nəfər məktəbli rayon təhsil şöbəsi, mədəniyyət şöbəsi və Gənclər İdman İdarəsinin fəxri fərmanları və qiymətli hədiyyələrlə mükafatlandırıldılar.

Eyni zamanda, Astara rayonun Kijəbə qəsəbəsində yeni salınmış Ulu Öndər Heydər Əliyev Parkının və abidəsinin açılışı oldu. Yüzlərlə qəsəbə sakini və rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Ulu Öndər Heydər Əliyevin abidəsinin açılışını etdi, önünə tər gül dəstələri qoydudular.

Qəsəbə sakinlərindən Nəsrəddin Teymurov, Əminə Həsənova, əməkdar müəllim Azər Kişiyev və başqaları çıxış edərək, Ulu Öndərlə bağlı xatirələrini söylədilər. Çıxış edənlər vurğuladılar ki, Azərbaycana hakimiyyəti illərində Heydər Əliyev 11 dəfə Astarada, o cümlədən 8 dəfə Kijəbə qəsəbəsində olmuş, bu siyasəti onun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev davam etdirir. Ötən ilin mart ayında dövlət başçısı Astaraya səfəri zamanı Kijəbə qəsəbəsində Bayraq meydanı, Kijəbə-Qəcimardə, Kijəbə-Ojakəran avtomobil yolunun açılışında iştirak etmiş, qəsəbə sakinləri ilə görüşmüşdür. Bu yüksək diqqət və qayğıya görə bütün astaralılar ölkə rəhbərinə dərin təşəkkür və minnətdarlığını bildiriblər.

ŞƏMKİR

Mayın 10-da Şəmkir rayon icra hakimiyyəti və YAP Şəmkir rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90 illik yubleyi geniş, təntənəli şəkildə qeyd olundu. Tədbir Ümummilli Lider Heydər Əliyevin Şəmkir rayonunun mərkəzində ucaldılan əzəmətli heykəli önünə əklil və tər gül çiçəkləri düzüblər. Sonra rayonun orta məktəb şagirdlərinin iştirakı ilə əbədi-bədii kompozisiya və rayon incəsənət ustalarının çıxışı ilə davam etdirildi.

Sonda Ulu Öndərin həyat və yaradıcılığına dair film nümayiş etdirilib.

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT MİQRASİYA XİDMƏTİ

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin şəxsi heyəti Fəxri Xiyabana gedərək Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edərək, məzarı önünə tər güllər düzüblər. Həmçinin, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstəsi düzüblər.

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin akt zalında davam edən tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəis müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən, Onun Vətən, xalq qarşısındakı əvəzsiz xidmətlərindən bəhs edibdir. Bildirib ki, Ulu Öndər nadir şəxsiyyətlərdən biridir ki, yalnız bir amal uğrunda - doğma Azərbaycan uğrunda, bu torpağın müstəqilliyi və əbədiliyi uğrunda bütün həyatını sərf etmişdir. Qeyd edilibdir ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu 1969-1982-ci illər Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələrini təşkil etmişdir. Dövlət həyatının bütün sahələrində misli görünməmiş canlanma baş vermiş, qısa müddət ərzində ölkə əsrə bərabər inkişaf yolu keçmişdir. 1990-1993-cü illərdə Azərbaycan xalqının üzləşdiyi ağır vəziyyətdən bəhs edən P.Musayev vurğulayıb ki, həmin illərdə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkə parçalanmaq təhlükəsindən xilas olmuşdur: "Əgər dönüb arxaya, keşməkeşli müstəqillik tariximizə, təlatümlərlə dolu illərə nəzər salsaq bir daha dahi lider Heydər Əliyevin ucalığının şahidi olarıq. Ulu Öndər dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüşdür. Atəşkəsin elan olunması, "Əsrin müqaviləsi"nin imzalanması, milli ordunun formalaşdırılması və digər mühüm əhəmiyyətli təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi nəticəsində ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranmışdır. Ümummilli Lider Heydər Əliyev siyasətinin hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi Azərbaycanı işıqlı, xoşbəxt gələcəyə aparır".

P.Musayev bildirib ki, tarixdəki liderlər mümkün olanı həyata keçirməyi bacaran şəxslərdir: "Ümummilli Lider Heydər Əliyev mümkün olmayanı uğurla reallaşdıran dahi liderdir. Məhz buna görə də, Ulu Öndər Heydər Əliyevin adı xalqımızın qəlbində daim yaşayacaqdır".

Sonda Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş film nümayiş olunub. Həmçinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən dahi liderin 90 illik yubileyi ilə bağlı hazırlanmış "Miqrasiya" jurnalının xüsusi buraxılışı xidmət əməkdaşlarına təqdim olunub.

R.HÜSEYNOVA

Digər xəbərlər