PDF Oxu

Siyasət

  • 13

Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının konfransı olmuşdur

Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının konfransı olmuşdur

Mayın 13-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatının konfransı olmuşdur.

AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Xatirə Parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.

YAP Lənkəran rayon təşkilatının sədri İlqar Dadaşov hesabat məruzəsi ilə çıxış etmişdir. Hazırda rayonda partiya üzvlərinin sayının 10 min 111 nəfər təşkil etdiyi, onların rayonun tədbirlərində fəal göstərdikləri vurğulanmış, bu ilin oktyabr ayında ölkəmizdə keçiriləcək prezident seçkilərinə hazırlıq işlərindən, bu məqsədlə partiya üzvləri arasında aparılan iş bölgüsündən söhbət açılmışdır. Partiya üzvlərinin yekdilliklə Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin namizədliyini dəstəkləyəcəkləri bildirilmişdir.

Toplantıda çıxış edən YAP İdarə Heyətinin üzvü Kərim Kərimov ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın 90 illik yubileylərinin respublikamızda təntənə ilə qeyd edildiyini vurğulayaraq Zərifə xanımla və Ulu Öndərlə bağlı xatirələrini danışmışdır.

K.Kərimov hazırda YAP-ın üzvlərinin 600 mini ötüb keçdiyini, partiya fəallarının ölkəmizin ictimai-siyasi həyatında oynadığı mühüm rolu vurğulayaraq, regionların sosial-iqtisadi inkişafının sürətlə davam etdiyini, bölgələrimizin gündən-günə dəyişdiyini, bunun Lənkəranın timsalında aydın göründüyünü diqqətə çatdırmışdır.

YAP Lənkəran rayon təşkilatının üzvlərinin sayına görə öncül yerlərdən birini tutduğunu diqqətə çatdıran K.Kərimov, partiya fəallarına ağsaqqal məsləhət və tövsiyələrini vermiş, onların qarşıdan gələn prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərinə əminliyini ifadə etmişdir.

Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirmişdir ki, qazanılan qələbələrimizin rəhni ulu öndər Heydər Əliyevin ideyalarında, siyasi xəttində, Ümummilli Liderin yaratdığı Yeni Azərbaycan Partiyasındadır.

Bildirilmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında hazırda yenidən qurulan, çiçəklənən Azərbaycan intibah dövrünü yaşayır. YAP güclü partiyadır. Bizim bir məqsədimiz var-siyasi mübarizədə qalib gəlmək üçün növbəti prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləmək və onu müdafiə etmək.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın dünya dövlətləri arasında söz sahibi olmasından, YAP üzvlərinin monolit birliyindən, partiya üzvlərinin boy sırasının sürətlə artmasından söhbət açaraq Lənkəran rayon təşkilatının respublikanın ən aparıcı təşkilatlarından biri olacağını bildirmişdir.

Konfransda YAP-ın V qurultayına nümayəndələr seçilmişdir.

AzərTAc

Digər xəbərlər