Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Ramil Həsənovun başçılığı ilə nümayəndə heyəti mayın 13-də Türkiyənin Ankara şəhərinə yola düşmüşdür.
TürkPA-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, səfərin məqsədi Assambleyanın dördüncü plenar sessiyasına hazırlıq məsələlərini müzakirə etməkdir. TürkPA nümayəndə heyəti bu məqsədlə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçəklə görüşəcəkdir.
Baş katibin TBMM-nin deputatı, TürkPA-nın Hüquq məsələləri Daimi Komissiyasının sədri Haluk İpək və TBMM-nin Aparat rəhbəri İrfan Nəziroğlu ilə görüşləri də nəzərdə tutulmuşdur.
Mayın 14-də R.Həsənov Türk Şurasının ev sahibliyi ilə keçiriləcək Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv dövlətlərin diaspor məsələlərinə cavabdeh dövlət qurumlarının rəhbərlərinin İkinci Toplantısında iştirak edəcəkdir.
Toplantıda "Türk Keneşi Türkdilli Diasporunun Ortaq Fəaliyyət Strategiyası"nın layihəsinə baxılacaqdır.
AzərTAc