PDF Oxu

Siyasət

  • 11

Azərbaycan dünya birliyi üçün önəmli tərəfdaşa çevrilir

Azərbaycan dünya birliyi üçün önəmli tərəfdaşa çevrilir

Prezident İlham Əliyev Avstriyaya rəsmi səfər edibf

Mayın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstriya Respublikasına rəsmi səfərə gəlib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Vyananın Şvexat Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Avstriyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar. Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olundu.

mayın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Vyanadakı Dunay parkında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin abidəsini ziyarət etmişlər. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva abidənin önünə gül dəstəsi qoydular. Dunay parkında dünya mədəniyyətinin tanınmış simalarının abidələri ucaldılıb Üzeyir Hacıbəylinin abidəsi 2006-cı ilin mayında açılmışdır. Dövlətimizin başçısı və xanımı abidənin önündə xatirə şəkli çəkdirdilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 12-də Vyanada Avstriyanın "OMV AG" şirkətinin baş icraçı direktoru Gerhard Roiss ilə görüşmüşdür. Görüşdə Azərbaycan ilə "OMV AG" şirkəti arasında əməkdaşlıq, enerji sahəsində gələcək birgə layihələr barədə fikir mübadiləsi aparıldı. Avstriya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 13-də rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Hofburq sarayının qarşısındakı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Avstriya Respublikasının Prezidenti Haynts Fişer və xanımı Margit Fişer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı səmimiyyətlə qarşıladılar. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi. Azərbaycanın və Avstriyanın dövlət himnləri səsləndi. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Avstriyanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Haynts Fişerə təqdim olundu. mayın 13-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avstriya Respublikasının Prezidenti Haynts Fişerin təkbətək görüşü olub. Görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə inkişafından məmnunluq ifadə olundu. Əlaqələrimizin inkişafında yüksək səviyyəli səfərlərin əhəmiyyəti vurğulandı. Azərbaycan Prezidentinin Avstriyaya rəsmi səfərinin əlaqələrimizin inkişafına töhfə verəcəyi bildirildi. Görüşdə ikitərəfli və qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.

Vyanada geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra "Azərbaycan Respublikası və Avsrtiya Respublikası arasında dostluq münasibələri və tərəfdaşlığa dair Birgə Bəyannamə"nin imzalanması mərasimi olub. Birgə Bəyannaməni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avstriya Respublikasının Prezidenti Haynts Fişer imzaladılar.

İmzalanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avstriya Respublikasının Prezidenti Haynts Fişerin mətbuat konfransı olub. Dövlət başçıları əvvəlcə bəyanatlarla çıxış etdilər.

2011-ci ilin oktyabr ayında respublikamıza rəsmi səfərini xatırladan Avstriya Prezidenti Haynts Fişer bu səfərin ölkələrimiz arasında əməkdaşlığa təkan verdiyini bildirdi. Qeyd etdi ki, dostluq əlaqələrinin inkişafı Azərbaycan ilə Avstriya arasında bütün sahələrdə əməkdaşlığın inkişafına geniş imkanlar açmışdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident Haynts Fişer bildirdi ki, münaqişə beynəlxalq hüquq normaları çərçivəsində həllini tapmalıdır. Avstriya Prezidenti dedi ki, iqtisadi əlaqələrimiz inkişaf edir. Azərbaycanda Avstriya şirkətləri müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir. Haynts Fişer vurğuladı ki, Azərbaycan ilə Avstriya arasında enerji sahəsində əməkdaşlığın böyük perspektivi vardır və səfər çərçivəsində bu məsələ diqqət mərkəzində olmuşdur.

Qonaqpərvərliyə görə minnətdarlığını bildirən Azərbaycan Prezidenti İlham Əliyev imzalanan Birgə Bəyannamənin ikitərəfli əlaqələrin inkişafına təkan verəcəyini dedi. Dövlətimizin başçısı qeyd etdi ki, ölkələrimizin iqtisadi əməkdaşlığı uğurludur, ticarət dövriyyəsi artır. Hər iki ölkənin şirkətləri qarşılıqlı surətdə fəal əməkdaşlıq nümayiş etdirirlər. Prezident İlham Əliyev enerji sahəsində əməkdaşlığın vacibliyinə də toxundu və Trans-Anadolu qaz kəmərinin əhəmiyyətindən danışdı. Dövlətimizin başçısı bildirdi ki, bu kəmər Azərbaycan qazının Avropaya çatdırılmasına əlavə imkanlar yaradacaqdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də danışan Prezident İlham Əliyev qeyd etdi ki, beynəlxalq təşkilatların, xüsusilə də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə baxmayaraq, Ermənistan hələ də Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayır. Dövlətimizin başçısı bildirdi ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları da status-kvonun qəbuledilməz olduğunu bəyan etmişlər. Sonra prezidentlər jurnalistlərin suallarını cavablandırdılar. Mayın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstriya Respublikasının Baş naziri Verner Faymanla görüşüb. Görüşdə ikitərəfli münasibətlərimizin inkişafından məmnunluq ifadə olundu. İqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirildi. Azərbaycan Prezidenti İlham Əliyevin Avstriyaya rəsmi səfərinin əlaqələrimizin bundan sonra da inkişaf etməsi işinə töhfə verəcəyinə əminlik ifadə edildi. Söhbət zamanı iqtisadi əlaqələrimizin hazırkı vəziyyəti və perspektivlərinə dair geniş fikir mübadiləsi aparıldı. Vyanada Avstriya Respublikasının Prezidenti Haynts Fişer və xanımı Margit Fişer tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə rəsmi lanç verilib.

Digər xəbərlər