PDF Oxu

Siyasət

  • 13

Kolumbiya Universiteti nəzdində yeni təsis edilmiş Qlobal Enerji Siyasəti Mərkəzində Azərbaycanla bağlı seminar keçirilmişdir

Kolumbiya Universiteti nəzdində yeni təsis edilmiş Qlobal Enerji Siyasəti Mərkəzində Azərbaycanla bağlı seminar keçirilmişdir

Nyu York şəhərindəki Kolumbiya Universitetinin Beynəlxalq və İctimai Əlaqələr Məktəbi nəzdində yeni təsis edilmiş Qlobal Enerji Siyasəti Mərkəzində "Xəzər dənizinin təbii qaz ehtiyatları: strategiya və nəticələr" mövzusunda seminar keçirilmişdir.

Azərbaycanın ABŞ-dakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, seminarda Hayfa Universitetinin professoru Brenda Şaffer və səfir Elin Süleymanov çıxış etmişlər.

B.Şaffer dünyanın təbii enerji ehtiyatları və bu ehtiyatların nəqlində yaranmış çətinliklər, enerji ehtiyatlarının əsasən qeyri-sabit regionlarda təmərküzləşməsinin yeni alternativ və daha təhlükəsiz mənbələr axtarışına səbəb olduğunu bildirmişdir. Məhz bu baxımdan, Xəzər dənizinin enerji ehtiyatlarının müasir dövrdə xüsusi çəkiyə sahib olduğunu, xüsusilə Qərbə inteqrasiyada maraqlı olan Azərbaycanın Avropanın enerji asılılığının aradan qaldırılmasında rolundan bəhs etmişdir. Hazırda neftlə müqayisədə, təbii qazın nəqlinin aktuallıq qazandığını bildirən B.Şaffer Xəzər regionunda Azərbaycanın iştirakçısı olduğu layihələr barədə də geniş məlumat vermişdir.

Səfir E.Süleymanov Azərbaycanın coğrafi mövqeyinin ölkənin xarici siyasət istiqamətləri və xarakterinin formalaşmasına təsiri barədə məlumat vermiş, regional sabitliyin əsasında region dövlətləri arasında qarşılıqlı faydalı münasibətlərin dayandığını bildirmişdir. Bu xüsusda, Azərbaycanın öz qonşuları Gürcüstan və Türkiyə ilə əlaqələrinin nümunəvi olduğunu qeyd etmişdir.

Azərbaycanın şərqdən Xəzər dənizi ilə sərhədlərinin siyasi və strateji üstünlüklərindən bəhs edən səfir, zəngin enerji resurslarına çıxış imkanını qeyd etmişdir. E.Süleymanov hazırda regional sabitliyin əsasında məhz ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasi iradəsinin ifadəsi olan qərarlar nəticəsində reallaşdırılmış enerji layihələrinin dayandığını bildirmişdir. Bakı-Tiflis-Ceyhan neft kəməri barəsində məlumat verən E.Süleymanov bu layihəni regionun "ən uğurlu layihə"si adlandırmışdır.

E.Süleymanov hazırda gündəmdə olan enerji layihələri, xüsusilə TANAP layihəsi barəsində məlumat vermişdir.

Hazırda enerji sahəsində əsas prioritetin təbii qazın nəqli olduğunu bildirən səfir Avropanın enerji təhlükəsizliyinin təminində Azərbaycanın rolundan danışmışdır.

Qeyd edək ki, yenicə təsis edilmiş Mərkəzin direktoru 2009-cü ildən Obama Administrasiyasında Milli Təhlükəsizlik Şurasında Prezidentin enerji və iqlim dəyişikliyi məsələləri üzrə xüsusi köməkçisi vəzifələrində çalışmış Ceyson Bordofdur. Mərkəzin açılışında ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Tom Donilon və tanınmış enerji mütəxəssisi Dan Yerginin çıxış etmişlər.

AzərTAc

Digər xəbərlər