Mayın 16-da Odessa şəhərində (Ukrayna) Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Sərhəd Qoşunları Komandanları Şurasının (SQKŞ) növbəti, sayca 69-cu iclası keçiriləcəkdir. Bu barədə AzərTAc-a Birliyin Minskdəki mənzil-qərargahının mətbuat xidmətində məlumat verilmişdir.
İclasın gündəliyinin layihəsinə 10-dan çox məsələ daxil edilmişdir. Şura üzvləri MDB iştirakçısı olan dövlətlərin xarici sərhədlərində vəziyyəti və sərhəd idarələrinin əməkdaşlığı ilə bağlı aktual məsələləri müzakirə etmək, Birlik ölkələrinin sərhəd idarələri rəhbərlərinin Mərkəzi Asiya regionunda keçirilmiş üçüncü regional müşavirəsinə yekun vurmaq, 2013-cü və 2014-cü illərdə müştərək sərhəd əməliyyatlarının və operativ-profilaktik tədbirlərin hazırlanması və keçirilməsinin gedişini müzakirə etmək, iri beynəlxalq idman tədbirlərinin və mədəni tədbirlərin təşkili zamanı sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində təcrübə mübadiləsi aparmaq niyyətindədirlər.
Sərhəd idarələrinin rəhbərləri bu görüşdə həm də Birliyin iştirakçısı olan dövlətlərin xarici sərhədlərində təhlükəsizliyin gücləndirilməsi, Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə hazırlıq və bu bayramın qeyd edilməsi, birgə elmi-tədqiqat işləri aparılması, MDB ölkələrinin ərazisində beynəlxalq marşrutlar üzrə dəmir yol qatarlarının əlaqələndirilmiş operativ müşayiətinin təşkil olunması məsələlərini də müzakirə etməyi planlaşdırırlar. İclasda bir sıra başqa məsələlərə də baxılacaqdır.
AzərTAc