PDF Oxu

Siyasət

  • 14

Prezident İlham Əliyev: "Avstriya ilə Azərbaycan əsil dost və tərəfdaşdırlar"

Prezident İlham Əliyev: "Avstriya ilə Azərbaycan əsil dost və tərəfdaşdırlar"

Məlum olduğu kimi, mayın 13-də Cənab Prezident İlham Əliyevin Avstriyaya rəsmi səfəri başlamışdır. Bu səfər bir çox cəhətdən əlamətdar və uğurlu nəticələri ilə yadda qaldı. Mən bu qısa məqalə çərçivəsində Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın Avstriyaya səfərinin bəzi məqamlarını təhlil etməyə çalışacam.

İlkin olaraq onu qeyd etməliyəm ki, Prezident İlham Əliyev istənilən ölkəyə səfər etdikdə özünün ifadəsinə sadiq qalaraq "çoxşaxəli" diplomatik addımlar atır. Belə ki, bu diplomatik addımlara iqtisadi, siyasi və mədəni tədbirlər daxildir. Məhz belə bir strategiya Azərbaycan daxilində tətbiq olunan çoxşaxəli iqtisadi və mədəni siyasət kursuna da müvafiqdir. Təsadüfi deyil ki, Cənab Prezident İlham Əliyev müxtəlif çıxışlarında- "Azərbaycanın xarici siyasəti onun daxili siyasətinin məntiqi nəticəsidir" -ifadəsini dəfələrlə işlətmişdir. Məhz Prezident İlham Əliyevin Avstriyaya səfərində keçirdiyi görüşlərə və söylədiyi çıxışlara diqqət etdikdə də Azərbaycan üçün əhəmiyyət kəsb edəcək çoxşaxəli və müxtəlif istiqamətli fəaliyyətinə rast gəlirik. Bu kontekstdə qeyd etməliyəm ki, enerji sahəsində Avstriya ilə əməkdaşlığın uğurlu olduğunu deyən Prezident İlham Əliyev vurğuladı ki, "Azərbaycanın enerji diplomatiyası əməkdaşlıq üzərində qurulmuşdur. Təsadüfi deyildir ki, Azərbaycan Xəzərin enerji resurslarını dünyaya açan ilk ölkə kimi tarixə düşmüşdür. Bu gün Azərbaycan neft-qaz kəmərləri sistemi ilə dünyanın enerji təhlükəsizliyində mühüm rol oynayır".

Cənab Prezident İlham Əliyev Avstriyadakı müxtəlif çıxışlarında Avstrya və Azərbaycan arasında mövcud olan münasibətlərin yüksələn inkişaf xətti üzrə irəlilədiyini ifadə etmişdir. Bu, həm iqtisadi, həm də siyasi sahədə reallaşır. Digər cəhətdən Prezident İlham Əliyev maraqlı bir məqamı da öz çıxışında belə vurğulamışdır: "Aramızda olan əməkdaşlıq və etimad səviyyəsi o qədər yüksəkdir ki, Azərbaycan və Bakının əsas rəmzi - məşhur Qız Qalası hazırda avstriyalı mütəxəssislər tərəfindən bərpa edilir. Bakının bir çox yeni rəmzləri, gözəl binalar Avstriya şirkətləri tərəfindən layihələndirilir və tikilir".

Qlobal mədəniyyət diplomatiyası

Ümumiyyətlə Vyana şəhəri dünyada mədəniyyət mərkəzi kimi tanınır. Burada həm müasir, həm tarixi binalar vardır. Konsert zallarını və muzeyləri seyr edərkən bunun haradan qaynaqlandığını hər kəs dərhal anlayır.

Vyana, həmçinin müasir inkişaf edən şəhərdir. Bu şəhər mədəniyyətlərarası dialoq şəhəridir. Vyananın Nyu-York və Cenevrə ilə yanaşı, BMT-nin mühüm qurumlarının yerləşdiyi məkan olması faktı onun xüsusi funksiyalarının və rolunun bütün dünyada tanınmasına dəlalət edir. Vyanada bir çox beynəlxalq təşkilatların baş qərargahları yerləşir. Bu kontekstdə qeyd etməliyəm ki, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın dahi bəstəkarımız Üzeyir Hacıbəylinin abidəsini ziyarət etməsi də mədəniyyət diplomatiyamızın uğurlarındandır. Belə ki, Cənab Prezident bu istiqamətdə öz görüşü haqda belə demişdir: "Mən dünən səfərimi milli himnimizin müəllifi, dahi bəstəkarımız Üzeyir Hacıbəylinin abidəsini ziyarət etməklə başlamaqdan olduqca məmnun qaldım. Onun abidəsi 2006-cı ildə Vyananın gözəl guşələrindən birində ucaldılmışdır. Onun məşhur əsəri Vyana Teatrında səhnəyə qoyulmuşdur. İki il öncə prezident Fişer Azərbaycana səfər etdikdə biz bir yerdə dahi bəstəkar Motsartın abidəsini Bakının gözəl meydanlarından birində açdıq. Bu, nəinki məşhur həmvətənlərimizin xatirəsinə olan ehtiramımızın, həmçinin dostluğumuzun, səmimi münasibətlərimizin və qarşılıqlı dəstəyin göstəricisidir".

Yeri gəlmişkən qeyd etməliyəm ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da öz növbəsində rəsmi səfərlər çərçivəsində mədəniyyət diplomatiyasını uğurla tətbiq edərək müxtəlif mədəniyyət mərkəzlərində və sərgilərdə iştirak edir. Təsadüfi deyil ki, Mehriban xanımın səfər çərçivəsində Vyanada imperiya xəzinəsi, ispan atçılıq mərkəzi və Müqəddəs Mikxael kilisəsini ziyarət etməsi də qlobal sivilizasiyaları qiymətləndirmə aspektindən əhəmiyyət kəsb edir. Ümumiyyətlə həm Prezident İlham Əliyev, həm də Mehriban xanım Əliyevanın rəsmi və qeyri-rəsmi səfərlərdə çoxşaxəli siyasi strategiyanı tətbiq etməsi, eyni zamanda dialektik mahiyyət daşıyır. Belə ki, səfərlər çərçivəsində hər hansı bir ölkənin iqtisadi və mədəni mərkəzləri ziyarət edilir, görüşlər və tədbirlər keçirilir və daha sonra isə Azərbaycanın imkan daxilində təbliğatı aparılaraq mərkəzlər yaradılır. Məhz keçən il Fransda yaradılan Azərbaycan Mədəniyyət Mərkəzindən sonra Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılması bu aspektdən çox mühüm addımdır.

Nəticədə, Cənab Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın Avstriyaya rəsmi səfərləri bu iki ölkə arasında ciddi uğurlu əməkdaşlıqların bütün sahələrdə daha da güclənməsinə və inkişaf etdirilməsinə səbəb oldu və olacaqdır.

Rəşad İlyasov,

fəlsəfə doktoru

Digər xəbərlər