YAP Gədəbəy rayon təşkilatının IX konfransı keçirilib
YAP-nın V qurultayına nümayəndələrin seçilməsilə əlaqədar partiyanın şəhər və rayon təşkilatlarının konfransları öz işinə başlayıb. Dünən YAP Gədəbəy rayon təşkilatının növbəti IX konfransı keçirilib. YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyevin sədrliyilə keçən konfransda Gədəbəy RİH-in başçısı Ramiz Yediyarov, millət vəkilləri Rafiq Məmmədhəsənov, Sevinc Hüseynova, YAP Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov və konfrans nümayəndələri iştirak etdilər.
YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev hesabat məruzəsində təşkilatın əvvəlki konfransdan keçən dövr ərzindəki fəaliyyəti ətraflı təhlil edilib, təşkilat üzvlərinin rayonun ictimai-siyasi həyatındakı fəal mövqeyindən bəhs edib, qarşıda duran vəzifələrə toxunub. Natiq bildirib ki, Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatı öz fəaliyyətini Ümummilli Lider Heydər Əliyevin ideyalarının, Yeni Azərbaycan Partiyasının IV qurultayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin proqram xarakterli nitqindən irəli gələn müddəaların yerinə yetirilməsi istiqamətində qurub: "Yarandığı gündən respublikamızın ictimai-siyasi həyatında alternativsiz partiya olan Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yol bir daha sübut etdi ki, bu partiya tarixi zərurətdən yaranmışdır. YAP Gədəbəy rayon təşkilatı ölkə Prezidenti İlham Əliyevin tövsiyələrinə uyğun olaraq, Ümummilli Liderimiz Heydər Əliyev ideyalarına, Onun siyasətinə, dünyabaxışlarına, fəlsəfəsinə sadiq qalaraq, rayonumuzun inkişaf etməsi üçün əlindən gələni etməkdədir".
Millət vəkilləri Rafiq Məmmədhəsənov və Sevinc Hüseynova çıxış edərək, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi-sosial strategiyanın, Onun layiqli davamçısı ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söylədilər. Çıxış edənlər YAP Gədəbəy rayon təşkilatının ötən konfransdan indiyədək olan dövrdəki fəaliyyətini qənaətbəxş hesab etdilər.
Gədəbəy RİH-in başçısı, YAP rayon təşkilatı idarə heyətinin üzvü Ramiz Yediyarov rayon təşkilatının yeni seçilmiş sədrinə və bütün heyətə fəaliyyətləri dövründə uğurlar arzuladı. Bildirdi ki, YAP ölkənin ağır günlərində, mürəkkəb bir siyasi şəraitdə yaranmış, Ulu Öndərin və ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə şərəfli bir yol keçmişdir: "Ölkəmizin yüksək inkişafını Gədəbəy rayonunun timsalında da aydın görmək olar. Möhtərəm Prezidentimiz İlham Əliyevin imzaladığı sərəncamlarla ayrılan vəsait hesabına son bir ildə rayonda böyük işlər görülüb, bir neçə məktəb və digər obyektlər inşa edilib, yollar asfaltlaşdırılıb, genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilibdir. Bu il həm də xalqımız və dövlətimiz üçün mühüm bir siyasi kampaniya olan prezident seçkiləri ili kimi yadda qalacaq. Çox böyük inamla demək olar ki, bütün Azərbaycan xalqı bu seçkilərdə ölkəmizi daha uğurlu sabahlara aparan partiyamızın Liderinə - cənab İlham Əliyevə səs verməklə tarixinin ən şanlı səhifələrini yazacaq".
Çıxışlardan sonra gündəlik məsələ müzakirə edilərək, açıq səsvermə yolu ilə YAP Gədəbəy rayon təşkilatı tərəfindən partiyanın V qurultayına 8 nəfərdən ibarət nümayəndə seçilibdir. Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev cənablarına müraciəti qəbul olunubdur.
R.HÜSEYNOVA