"Azərbaycanda hər kəs qanun çərçivəsində qrup, hərəkat, birlik, digər siyasi təşkilat yarada bilər. "El", Milli Şura adlanan və bu tipli digər qurumların yaradılması isə seçkiyə hesablanmış hadisədir". Bu fikirləri millət vəkili, Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Mübariz Qurbanlı bildirdi. M.Qurbanlı onu da vurğuladı ki, bunlar bütün seçkilər dövründə müşahidə olunub, indi-növbəti prezident seçkiləri ərəfəsində də müşahidə olunmaqdadır: "Biz - indiki hakimiyyət də ölkəmizdə dəfələrlə demokratik seçkilər keçirmişik, o cümlədən, növbəti seçkilərin də demokratik, açıq, şəffaf şəkildə keçirilməsi niyyətində, əzmindəyik və heç kimin şübhəsi olmasın, bu, belə də olacaq".
Millət vəkilinin sözlərinə görə, Eldar Namazovla Rüstəm İbrahimbəyovun ətrafına toplaşan şəxslər də ölkənin ictimai-siyasi rəyinə və bütövlükdə siyasi hakimiyyət uğrunda mübarizənin gedişinə ciddi təsir edəcək insanlar deyillər: "Hər iki qurumda da daha çox Eldar Namazovun adı çəkilir. Bu şəxs əvvəllər də bir neçə ad altında müxtəlif qurumlar yaradaraq parlament seçkilərinə və digər seçkilərə qatılıb, ancaq orada da elə bir ciddi uğur qazanmayıb. O, yenə də istədiyi qurumu müxtəlif adlar altında yarada bilər. Demokratiyadır, biz ona irad tuta bilmərik. Ümumiyyətlə, heç kimə irad tuta bilmərik ki, sən niyə siyasi qurum yaradırsan və ya sən niyə seçkiyə qatılırsan...Amma bizim proqnozlarımız, araşdırmalarımız onu deməyə əsas verir ki, "El", Milli Şura adlanan təşkilatlar əslində daha çox Eldar Namazovun ətrafında olan dəstədir. O dəstədə toplaşanlar da, öncə qeyd etdiyim kimi, Azərbaycanın ictimai-siyasi həyatına ciddi təsir göstərməyə və öz ətrafına müəyyən sosial baza toplamağa qadir deyil. Digər tərəfdən Azərbaycanda siyasi palitra bəllidir - iqtidar, iqtidarın siyasətini müdafiə edən siyasi partiyalar, o cümlədən, müxalifət və müxalifətin içərisində konstruktiv fəaliyyət göstərən müxalifət partiyaları və radikal yönümlü müxalifət partiyaları. Həmin siyasi palitra ilə də biz təhlil aparmalı olsaq, o zaman bu gün iqtidar və iqtidarı müdafiə edən siyasi qüvvələrin bütövlükdə Azərbaycan elektoratının böyük əksəriyyətini əhatə edə bildiyini görə bilərik. Qalır yerdə konstruktiv müxalifət və radikl yönümlü müxalifəti hansısa formada müdafiə edən azlıq..." M.Qurbanlı, həmçinin bildirdi ki, "El" adlanan qrup əgər müəyyən sosial baza axtarmaq istəsə, bunu həmin, təbii ki, konstruktiv və qeyri-konstruktiv mövqedə dayanan qüvvələrin sosial bazası içərisində axtarmalı olacaq: "Yəni, azlıq içərisində azlıq axtaracaq. E.Namazovun "El"-i sosial bazası məhdud olan radikalların söykəndiyi elektoratın müəyyən hissəsini öz tərəfinə çəkmək istəyəcək. Bu da heç şübhəsiz istənilən nəticəni verməyəcək. Yəni, politoloji təlim var, sosialoji təlim var. Ona görə də həmin qurumun yaranması Yeni Azərbaycan Partiyası üçün, onun seçki taktikası üçün, seçki strategiyası üçün elə bir təsiredici hadisə sayıla bilməz. Bütövlükdə mən "El" təşkilatının bəyan olunmasını, yaxud da Milli Şuranı Azərbaycan ictimai-siyasi həyatında ciddi hadisə hesab etmirəm. Bu sağlam bir prosesdir, sürəcdir və bu sürəcə qatılanlar da suyun üstünə çıxmaq üçün "biz də varıq". Amma nəticə etibarilə onlar hansısa bir siyasi nailiyyətə imza ata bilməzlər. Ümumiyyətlə, kimlər nə istəyirlərsə, buyursunlar, yaratsınlar, bu, bizi narahat etmir. Və onların hay-küylü, dəbdəbəli bəyanatları da bizi narahat etmir. Çünki əgər arxasında siyasi güc, siyasi elektorat, bütünlükdə əhalinin müəyyən təbəqələri dayanmırsa, cəmiyyətə təsir etmək imkanına malik deyilsə, bu cür qurumların yaranması siyasi şou səviyyəsindən, siyasi teatr səviyyəsindən uzağa gedə bilməyəcək..."
RƏFİQƏ