PDF Oxu

Siyasət

  • 8

Yeni Azərbaycan Partiyası regionda ən monolit və ən mütərəqqi partiyadır

Yeni Azərbaycan Partiyası regionda ən monolit və ən mütərəqqi partiyadır

YAP Xızı rayon təşkilatının VII konfransı keçirilib

Dünən Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının VII konfransı keçirilib. Konfransdan öncə nümayəndələr Azərbaycan xalqının dahi oğlu, partiyanın qurucusu və yaradıcısı Ümummilli Liderimiz Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, abidənin önünə tər gül-çiçək dəstələri düzərək, Ulu Öndərə hörmət və ehtiramlarını ifadə ediblər.

Heydər Əliyev mərkəzində öz işinə başlayan konfransı YAP Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev açaraq kofransın gündəliyi ilə bağlı məlumat verdi və hesabat məruzəsi ilə çıxış edərək, ötən dövr ərzində görülən işlərdən, uğurlardan və nailiyyətlərdən bəhs etdi. Natiq bildirdi ki, adı əbədiyaşar Liderimiz, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyası artıq 22 ildir ki, öz üzərinə düşən tarixi missiyanı uğurla davam etdirir: "Partiyamız müstəqil Azərbaycan Respublikasında ən mütərəqqi, ən monolit partiya olmaqla, milyonların sevimlisinə çevrilmişdir. Fəxr edirik ki, möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev bütün sahələrdə olduğu kimi, partiya quruculuğu sahəsində də Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi siyasəti uğurla davam etdirir. Bu gün cənab İlham Əliyevin rəhbərliyi altında sıralarında 600 mindən çox vətəndaşı birləşdirən Yeni Azərbaycan Partiyası öz inkişafının ən möhtəşəm tarixini yaşayır".

F.Haqverdiyev onu da vurğuladı ki, YAP-ın ilkin, çoxsaylı, mübariz dəstələrindən biri olan və artıq mükəmməl tərzdə formalaşmış Xızı rayon təşkilatı hesabat dövründə öz işini partiya Nizamnaməsinə, Qurultay qərarlarına, YAP İdarə Heyətinin, Siyasi Şuranın qərar və göstərişlərinə uyğun qurmaq üçün ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirmişdir: "Rayon təşkilatının fəaliyyəti, əsasən, partiyanın sosial bazasının möhkəmləndirilməsindən, ideya-siyasi təbliğat işinin gücləndirilməsindən, partiyanın məram və məqsədlərinin əhali arasında daha geniş yayılmasına nail olmaqdan, partiya mütəşəkkilliyinin artırılmasından, işin forma və metodlarının daim təkmilləşdirilməsindən ibarət olmuşdur".

Konfransda YAP Xızı rayon təşkilatının sədr müavini B.Nəbiyev, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP İdarə Heyətinin üzvü Şahlar Əsgərov, Xızı rayon icra hakimiyyətinin başçısı Xəzər Aslanov və başqaları çıxış edərək Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Yeni Azərbaycan Partiyasının mühüm rolu və xidmətləri olduğunu bildirib, partiyanın rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Natiqlər Yeni Azərbaycan Partiyasının ölkəmizin ən nüfuzlu siyasi qüvvəsinə çevrilməsində onun yaradıcısı, Ümummilli Liderimiz Heydər Əliyevin tarixi xidmətlərini önə çəkib, hazırda Ulu Öndərin siyasi xəttinin partiyanın Sədri, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulayıblar. Sonra konfrans Yeni Azərbaycan Partiyasının V qurultayına nümayəndə seçdi.

ÜLVİ

Digər xəbərlər