Xəbər verdiyimiz kimi, mayın 13-də Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər. Dövlətimizin başçısı Mərkəzin açılışını etdi. Prezident İlham Əliyev mərasimdə çıxış edərək deyib ki, dünya mədəniyyətinin paytaxtında belə Mədəniyyət Mərkəzinin açılışı həqiqətən də bizim üçün çox əhəmiyyətlidir:
"Səhər tezdən həmkarımla, cənab Prezidentlə birlikdə fəal danışıqlar, fikir mübadiləsi aparmışıq. Biz iqtisadi, siyasi, təhsil, turizm və mədəniyyət sahələrində müzakirələr apardıq və Avstriya ilə Azərbaycan arasında münasibətlərin necə inkişaf etməsi ilə bağlı tam qarşılıqlı anlaşma əldə etdik. Biz real tərəfdaşlarıq, dostlarıq.
Bu gün biz dostluq və tərəfdaşlıqla bağlı siyasi Bəyannamə imzalamışıq. Bəyannamənin adı bizim ikitərəfli münasibətlərə necə yanaşdığımızı göstərir. Bizim hər iki ölkədə olduqca səmərəli əməkdaşlıq edən çox fəal işgüzar dairələrimiz vardır. Bu gün mən, həmçinin Prezident Fişerlə birlikdə biznes forumda da iştirak etdim. Biz bir daha işgüzar qrupları yaxın olmağa, səmərəli şəkildə fəaliyyət göstərməyə, daha çox layihələr həyata keçirməyə ruhlandırdıq. Siyasi əlaqələr, güclü iqtisadi əməkdaşlıq və gələcəkdə görüləcək bir çox işlərin olması ilə yanaşı, biz ölkələrimiz arasında çox mühüm mədəni aspektləri görməkdən şadıq.
Dünən axşam nümayəndə heyətimiz Vyanaya çatan kimi biz böyük bəstəkarımız Üzeyir Hacıbəylinin 2006-cı ildə ucaldılmış abidəsini ziyarət etdik. Mən, həmçinin iki il əvvəl Prezident Fişerlə birlikdə iştirak etdiyimiz Bakının mərkəzi parklarından birində böyük Avstriya bəstəkarı Motsartın abidəsinin açılış mərasimini xatırladım. İndi biz Azərbaycan Mədəniyyət Mərkəzinin açılışını edirik. Bugünkü müzakirələrdə, həmçinin məmnunluqla bildirdik ki, bizi təkcə infrastruktur, enerji və tikinti layihələri birləşdirmir. Bu gün mən bir neçə dəfə qeyd etdim ki, Azərbaycanın, Bakının rəmzi olan Qız qalası avstriyalı mütəxəssislər tərəfindən bərpa olunur. Bu, qarşılıqlı etimadın, qarşılıqlı hörmətin və fəal əməkdaşlığın səviyyəsidir. Mən əminəm ki, bizim müstəqilliyimiz dövründə açılan yalnız ikinci Azərbaycanın Mədəniyyət Mərkəzi olan bu mərkəz, ilk növbədə Azərbaycan mədəniyyətini avstriyalılara təqdim edəcək, eyni zamanda, bu, ziyalılar, siyasətçilər, ictimai xadimlər arasında görüşlərin keçirildiyi yer olacaqdır. Bu, bir növ Vyananın mərkəzində, özlüyündə dünya irsi olan bu gözəl şəhərdə Azərbaycan evi olacaqdır.
Azərbaycan nisbətən yeni müstəqil ölkədir. Biz 21 ildir müstəqil dövlət kimi yaşayırıq. Lakin bizim böyük tariximiz, mədəniyyətimiz, ənənələrimiz, ədəbiyyatımız, musiqimiz, xalçalarımız vardır. Yeri gəlmişkən, Bakıdakı Müasir Xalça Muzeyi də Avstriya şirkətləri tərəfindən tikilir. Mən hamını burada görməyə çox şadam. Mən burada çoxlu dostlar, həmçinin Avstriyadakı Azərbaycan icmasının nümayəndələrini görürəm və ümid edirəm ki, bu Mədəniyyət Mərkəzi həmişə insanlarla, dostlarla dolu olacaq və bizim əlaqələrin mədəni aspekti - ölkələrimiz və xalqlarımız arasında güclü dostluq və tərəfdaşlıq əlaqələrini möhkəmləndirəcəkdir. Əlaqələrimizin tarixindəki bu əlamətdar hadisə ilə əlaqədar hamınızı təbrik edirəm və mərkəzə gələcəkdə uğurlar arzulayıram. Təşəkkür edirəm."
X X X
Ölkələrimiz arasında dostluq münasibətlərinin hökm sürdüyünü vurğulayan Avstriya parlamentinin vitse-spikeri Frids Noyqebauer deyib ki, Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin açılışında iştirak etmək imkanının olması onun üçün şərəfdir: "Ölkələrimiz arasında dostluq və səmimi münasibətlər vardır. 2011-ci ilin oktyabrında Prezident Haynts Fişerin Bakıya səfər etməsi, bu ilin martında mənim parlament nümayəndə heyəti, avstriyalı dostlarımla Bakıya səfər edərək, cənab Prezidentlə görüşmək şərəfinə nail olmağım və Zati-aliləri, Sizin Vyana səfəriniz bunun bariz nümunəsidir. Əminəm ki, siyasi və işgüzar əlaqələr çox vacibdir. Lakin ən vacibi mədəniyyət sahəsində dialoqdur. Mədəniyyət xalqları bir araya gətirir, bir-birini anlamağa yardım edir və yeni üfüqlər açır. Sizin ölkəniz və BMT Sivilizasiyalar Alyansı iki həftədən sonra - mayın sonu, iyunun əvvəlində Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Bakıda keçirilməsi ilə bağlı tərəfdaşlıq edir. Forumda əsas diqqət mədəni müxtəliflik və birgə yaşamanı təbliğ edən əməli təşəbbüslərə yetiriləcəkdir. Azərbaycan Vyanada mədəniyyət sahəsində kifayət qədər fəaldır. Sabah Vyanada ilk dəfə "Bakıya uçuş" sərgisi açılacaqdır. Bu yer Vyananın mərkəzindədir. Yeni Mədəniyyət Mərkəzi müxtəlif mədəniyyət tədbirlərində fəal iştirak edəcək, mübadilə üçün yeni forum olacaq və mədəniyyət sahəsində dialoq və mübadiləyə stimul verəcəkdir. Çox sağ olun."
X X X
Mərasimdə Avstriya ictimaiyyətinin nümayəndələri, diaspor təşkilatlarımızın üzvləri, azərbaycanlı tələbələr dövlətimizin başçısı ilə görüşlərində bu Mədəniyyət Mərkəzinin yaradılmasının ölkəmiz üçün çox əhəmiyyətli hadisə olduğunu bildirdilər. Onlar Azərbaycanın diaspor siyasətinin həyata keçirilməsində bu cür mədəniyyət ocaqlarının açılmasının əhəmiyyətini vurğuladılar.