Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Elxan Süleymanovun başçılıq etdiyi nümayəndə heyəti Sloveniyaya səfər edəcəkdir.
AzərTAc xəbər verir ki, səfərin məqsədi mayın 17-də Sloveniya parlamentində Dağlıq Qarabağla bağlı keçiriləcək dinləmələrdə iştirak etməkdir.
Azərbaycan nümayəndə heyətinə sənaye və energetika naziri Natiq Əliyev, Milli Məclisin deputatları Qüdrət Həsənquliyev, Fazil Mustafa və Ceyhun Osmanlı daxildirlər.
Dinləmələrdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə, işğalçı dövlət tərəfindən aparılmış etnik təmizləmə siyasəti nəticəsində bir milyona yaxın soydaşımızın insan hüquqlarının kütləvi və kobud şəkildə pozulmasına, ölkəmizə dəymiş maddi və mənəvi zərərin miqyasına dair məsələlər müzakirə ediləcəkdir.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Milli Assambleyanın sədri Yanko Veber, qurumun xarici siyasət və avropa ittifaqı məsələləri komitələrinin üzvləri, Sloveniyanın Baş naziri xanım Alenka Bratusik, eləcə də Sloveniya–Azərbaycan dostluq qrupunun üzvləri ilə görüşəcəkdir.
Səfər çərçivəsində nazir Natiq Əliyevin Sloveniyanın iqtisadi inkişaf və texnologiya naziri Stanko Stepişnik ilə görüşü nəzərdə tutulmuşdur.
Bundan əlavə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Sempas şəhərinin meri ilə görüşəcək və Çepovanda xalqımızın qəhrəman oğlu Mehdi Hüseynzadənin məzarını ziyarət edəcəklər.
AzərTAc