Səudiyyə Ərəbistanı Krallığının (SƏK) ingilis dilində yayımlanan "KSA 2" dövlət televiziya kanalında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilmiş, Azərbaycanın bu ölkədəki səfirliyinin birinci katibi Samir Məliklinin Ulu Öndərin Yaxın Şərq ilə münasibətləri və siyasəti haqqında müsahibəsi təqdim olunmuşdur.
Səfirlikdən AzərTAc-a bildirmişlər ki, Samir Məlikli müsahibəsində Azərbaycanın İslam dünyası ilə bütün sahələrdə əlaqələrin genişləndirilməsi, xalqlar arasında birliyin və həmrəyliyin möhkəmləndirilməsi, münasibətlərin genişləndirilməsində ümummilli lider Heydər Əliyevin gördüyü işlərdən danışmışdır.
Müsahibədə, həmçinin Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələrinin yaradılmasında Ulu Öndərin əvəzsiz rolu, ölkələrimiz arasında imzalanmış sənədlər, eləcə də Prezident İlham Əliyevin 2005-ci ildə bu ölkəyə rəsmi səfəri barədə ətraflı məlumat verilmişdir.
Filmdə 1994-cü ildə ümummilli lider Heydər Əliyevin Səudiyyə Ərəbistanına səfəri çərçivəsində Kral Fəhd Əbdüləziz əl-Saud ilə görüşü, ölkələrimiz arasında əməldaşlığa dair sazişin imzalanması, müqəddəs Kəbəni ziyarət etməsi, eyni zamanda, 1997-ci ildə Tehranda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə Kral Abdulla bin Əbdüləziz əl-Saudla görüşü barədə məlumatlar yer almışdır.
AzərTAc