PDF Oxu

Siyasət

  • 12

Heydər Əliyev Fondunun layihəsi əsasında Bakıda Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılmasına başlanılmışdır

Heydər Əliyev Fondunun layihəsi əsasında Bakıda Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılmasına başlanılmışdır

Bakıda Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılmasına başlanılmışdır.

Heydər Əliyev Fondunun layihəsi əsasında inşa olunacaq Memorial Kompleks Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək və faciə barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədi daşıyır.

Fonddan bildirmişlər ki, layihə rəmzi məna kəsb edən konsepsiya üzrə işlənilmişdir. Konsepsiyaya əsasən, kompleksin həyətində fevralın sonlarında çiçək açan ağaclar əkiləcəkdir. Bu, 1992-ci ilin fevralında qətlə yetirilmiş günahsız insanların yarımçıq qalmış ömrünü xarakterizə edir. Kompleksi dörd tərəfdən əhatə edən düzbucaqlı monolit isə Xocalı sakinlərini soyqırımından qorumağa çalışan rəmzi əllər formasında təsvir olunmuşdur.

Memorial Kompleksin maketi hazırda Heydər Əliyev Mərkəzində təşkil olunan "Mini Azərbaycan" layihəsi çərçivəsində sərgilənir.

Xocalı Soyqırımı Memorial Kompleksinin maketi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim edilmişdir. Layihə ilə tanış olan Prezident İlham Əliyev kompleksin inşasının həyata keçirilməsi üzrə müvafiq tövsiyə və tapşırıqlarını vermişdir.

Memorial Kompleksdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda Ermənistan silahlı qüvvələri və Rusiyanın 366-cı motoatıcı alayı tərəfindən 613 nəfərin qətlə yetirilməsi, şəhərin tamamilə dağıdılması barədə faktlar təqdim olunacaqdır. Kompleksin quruluşu, burada yaradılan ab-hava, təqdim edilən materiallar həmin günlərdə Xocalıdakı hadisələri bir daha görməyə, bu faciənin dəhşətini yaxından hiss etməyə imkan verəcəkdir.

Xocalı Soyqırımı Memorial Kompleksi faciə qurbanlarının xatirəsinə ucaldılmış "Ana fəryadı" abidəsinin yaxınlığında inşa olunacaqdır.

Xatırladaq ki, Heydər Əliyev Fondu Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı kimi tanıdılması istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirir. Bu günədək həyata keçirilmiş layihələr çərçivəsində dünyanın müxtəlif ölkələrində Xocalı qətliamına dair faktlar yayılmış, yürüşlər təşkil edilmiş, internet vasitəsilə müxtəlif aksiyalar, o cümlədən faciənin soyqırımı kimi tanınması üçün imza toplama kampaniyası və s. keçirilmişdir. Nəticədə Xocalı faciəsinə dair həqiqətlərin əhatə dairəsi və bu cinayəti soyqırımı kimi tanıyan ölkələrin sayı ilbəil artır.

Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinin işğalı zamanı törətdikləri cinayətlərin dünyada olduğu kimi təqdim edilməsi, həmçinin bu qətliamın gələcək nəsillərin yaddaşında daim yaşadılması istiqamətində növbəti addımdır.

yap.org.az

Digər xəbərlər