"Yeni Azərbaycan Partiyası prezident seçkilərinə çox ciddi hazırlaşır. Oktyabr ayında keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası müəyyənləşdirdiyi seçki planlarına uyğun olaraq tədbirlərini həyata keçirməkdədir. YAP-ın şaxələnmiş rayon təşkilatları mövcuddur və bizim seçki hərəkətləri ümumilikdə rayon təşkilatları vasitəsilə reallaşdırılır. Bugünki müşavirədə də seçki və seçkiyə hazırlıqla əlaqədar müəyyən tapşırıqlar veriləcək". Bu fikirləri jurnalistlərə müsahibəsində YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədov deyib.
Onun sözlərinə görə, yerlərdə verilmiş tapşırıqların icrası ilə əlaqədar daim fikir mübadiləsi aparılır və növbəti dövrdə həyata keçirəcəyimiz, atacağımız addımlarla əlaqədar işlər müzakirə olunur. "Bizim formalaşmış ənənəmiz ondan ibarətdir ki, seçkiyə ciddi şəkildə hazırlaşaq. Bununla belə seçkiyə hazırlıq prosesində YAP-ın bütün strukturlarını, fəalları və üzvlərinin seçki kampaniyasında yaxından iştirakını təmin etməkdir. Hakim partiyanın 600 min nəfərlik fəal üzvünün seçki kampaniyasına hazırlığını təmin etmək üçün geniş proqram müəyyənləşdirilib"- deyə, YAP-ın Sədr müavini vurğulayıb.
Əli Əhmədov deyib ki, partiyanın bütün üzvləri seçki, təşviqat-təbliğat kampaniyalarında yaxından iştiraka, bütövlükdə isə Azərbaycanda seçki fəallığının artmasına müsbət təsir göstərəcəklər. Bu mənada tez-tez görüşlər, tədbirlər keçirilir, fikir mübadiləsi aparılır.
yap.org.az