PDF Oxu

Siyasət

  • 11

Gəncə-Qazax iqtisadi rayonunda qazlaşdırma işləri davam etdirilir

Gəncə-Qazax iqtisadi rayonunda qazlaşdırma işləri davam etdirilir

"Azəriqaz" İstehsalat Birliyi respublikanın hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması işlərini davam etdirir. Gəncə-Qazax iqtisadi rayonunda cari ilin əvvəlindən etibarən həyata keçirilən tədbirlər bu baxımdan xarakterikdir.

"Azəriqaz" İB-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, cari ilin əvvəlindən başlayaraq, Qazax rayonunun Qazaxbəyli kəndindəki Avtomatik Qazpaylayıcı Stansiyanda yeni tənzimləyici qovşaq tikilmiş, Qazax şəhərinin N. Nərimanov küçəsində yeni salınmış yaşayış massivinin, Yuxarı Salahlı, Kosalar, I Şıxlı, II Şıxlı, Daş Salahlı kəndlərinin qazlaşdırılması məqsədilə ümumi uzunluğu 215,7 kilometr olan müxtəlif diametrli qaz xətləri çəkilmişdir.

Ağstafa rayonunun Düz Qışlaq, Kolayır, Xılxına və Mollacəfərli kəndlərinin, Daşkəsən rayonunun Xoşbulaq kəndinin, eləcə də Gədəbəy rayonunun Novosaratovka kəndinin evdaxili qaz xətlərinin çəkilməsi, Şınıx və Miskinli kəndlərinin qazlaşdırılması üçün 42,2 kilometr uzunluğunda borular quraşdırılmışdır.

Goranboy rayonunun Yolqullar, Rus Borisi, Azad, Baxçakürd, Şəfibəyli, Veysli, Qaraçinar və Hacallı kəndləri qazlaşdırılmış, Yuxarı Ağcakənd kəndində birpilləli sistem əsasında daşıyıcı və paylayıcı qaz kəmərləri çəkilmişdir.

Göygöl şəhərində isə 1860 fərdi evi əhatə edən yeni yaşayış massivinə daşıyıcı, paylayıcı və həyətdaxili qaz kəmərləri çəkilmiş və rayonun Topalhəsənli kəndinin qazlaşdırılması başa çatmışdır.

Eləcə də Şəmkir rayonunun Bayramlı və Muxtariyyə kəndlərinin, Tovuz rayonunun Qovlar qəsəbəsi ərazisində salınmış yeni yaşayış massivinin, Şıxheybət və Muncuqlu kəndlərinin qazlaşdırılması üçün 36,3 kilometr uzunluğunda qaz kəmərləri çəkilmişdir.

Qazlaşdırma işləri davam edir.

AzərTAc

Digər xəbərlər