PDF Oxu

Siyasət

  • 11

YAP öz monolitliyi ilə daim öndə gedən siyasi təşkilatdır

YAP öz monolitliyi ilə daim öndə gedən siyasi təşkilatdır

YAP Daşkəsən rayon təşkilatının VIII konfransı keçirilib

Dünən YAP Daşkəsən rayon təşkilatının VIII konfransı keçirilib. Konfransı giriş sözü ilə açan YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev nümayəndələri və qonaqları salamlayıb. Hesabat məruzəsi ilə çıxış edən rayon təşkilatının sədri Yeni Azərbaycan Partiyasının keçdiyi 21 ildə böyük inkişaf yolu keçdiyini, sıralarının daim genişləndiyini, rayon təşkilatının partiyanın proqram və prinsiplərinə uyğun olaraq qarşıya qoyulan vəzifələrin icrasını ləyaqətlə yerinə yetirdiyini vurğulayıb: "Yeni Azərbaycan Partiyası ilk gündən ölkəmizin müstəqilliyinin qorunması, dövlətçiliyinin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişaf etdirilməsi, demokratik təsisatların bərqərar olunmasında siyasi nizamlama rolunu öhdəsinə götürmüşdür. Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyev şəxsiyyətinin qüdrəti və rəhbərliyi altında ölkədə sabitliyin yaranması, demokratik dəyərlərə üstünlük verilməsi prosesini nizamlayan real siyasi qüvvə kimi özünü təsdiq edə bilmişdir".

M.Yolçuyev hesabat məruzəsində onu da vurğuladı ki, rayon təşkilatının fəalları prezident, bələdiyyə və parlament seçkilərində sistemli və aktiv fəaliyyət sərgiləməklə keçirilmiş seçkilərdə YAP-ın ümumi qələbəsinin əldə olunmasına öz töhfələrini veriblər: "Yeni Azərbaycan Partiyası Ümummilli Liderimiz Heydər Əliyevin qoyduğu yolla irəliləyir, inkişaf edir, böyüyür, böyüdükcə ölkəmiz də güclənir. Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyev bu gün sadəcə YAP-çıların deyil, hər bir azərbaycanlının rəhbəri olaraq, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir, ölkəsini və millətini yüksək səviyyədə təmsil edir. Ancaq biz təşkilat olaraq, bugünkü uğurlarımızla kifayətlənmək fikrində deyilik. Daha da yüksəlmək, qazandığımız uğuru itirməmək üçün bundan sonra da siyasi meydanda bacarığımızı ortaya qoyacağıq".

M.Yolçuyev YAP Daşkəsən rayon təşkilatının böyük inkişaf yolu keçdiyini, sıralarının daim genişləndiyini, partiyanın proqram və prinsiplərinə uyğun olaraq qarşıya qoyulan vəzifələrin icrasını ləyaqətlə yerinə yetirdiyini vurğuladı: "Hazırda YAP Daşkəsən rayon təşkilatı öz ətrafında 4028 nəfər üzvü birləşib. YAP Daşkəsən rayon təşkilatında birləşən üzvlər ölkənin, o cümlədən, təmsil etdikləri rayonun ictimai-siyasi, iqtisadi, mədəni həyatında və digər sahələrdə fəal iştirak edirlər. Daşkəsən rayonunun bütün sakinlərinin qarşıdan gələn prezident seçkilərində Yeni Azərbaycan Partiyasının alternativsiz namizədi cənab İlham Əliyevə səs verəcəklərini tam əminliklə bəyan edirəm". M.Yolçuyev, həmçinin, Daşkəsən rayon rəhbərliynin apardığı quruculuq-abadılıq işlərindən danışaraq bildirdi ki, Daşkəsən rayonu böyük bir tikinti meydançasını xatırladır.

Eyni zamanda, rayon təşkilatının sədri konfransın gündəliyində duran prezident seçkilərinə hazırlıqla bağlı görülən işlərdən də danışdı: "Artıq təsdiq olunmuş plana uyğun olaraq seçicilərin siyahısı dəqiqləşdirilmiş, məntəqələrdə səliqə-sahman işlərinin aparılmasına başlanmış, partiya fəallarının ideoloji cəhətdən hazırlanması üçün lazımi təlimati tədbirlər görülmüşdür. Mərkəzi seçki qərargahının rayon şöbəsi formalaşdırılmışdır. Biz YAP Daşkəsən rayon təşkilatı olaraq öz namizədimizi bütün varlığımızla müdafiə etməyə, Azərbaycanı uğurlardan-uğurlara aparan möhtərəm Prezidentimizə daim dəstək olmağa hazırıq".

Məruzə ətrafında Daşkəsən rayon icra hakimiyyəti başçısının müavini Cavanşir Qocayev çıxış edərək, YAP-ın hakimiyyətdə olduğu illərdə Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini, bütün sahələrdə əhəmiyyətli dəyişikliklərin baş verdiyini bildirdi.

Konfransın işində itirak edən "Səs" qəzetinin baş redaktoru, SİA-nın baş direktoru Bəhruz Quliyev çıxış edərək Yeni Azərbaycan Partiyasının tarixi zərurətdən yarandığını, böyük inkişaf yolu keçdiyini, cəmiyyətin ən aparıcı qüvvəsinə çevrildiyini söylədi: "Partiyanın böyük nüfuza malik olması onun yaradıcısı, Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. YAP-ın nəinki ölkənin, eləcə də bölgənin aparıcı siyasi qüvvəsinə çevrilərək sıralarını günbəgün artırması Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqətin, həyata keçirilən siyasətin gələcəyinə inamın göstəricisidir. Bu gün Azərbaycanın səsinin dünyanın ən nüfuzlu təşkilatlarının tribunalarından eşidilməsi düzgün qurulan siyasətin nəticəsidir. Bu siyasət möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

Sonda YAP Daşkəsən rayon təşkilatından Yeni Azərbaycan Partiyasının V qurultayına nümayəndələr seçildi. Həmçinin, YAP sıralarına qəbul olan gənclərə üzvülük vəsiqələri təqdim edildi.

Konfransda Yeni Azərbaycan Partiyasının məsul işçisi Rəfail Gülməmmədov da iştirak edib.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər