PDF Oxu

Siyasət

  • 8

Liviyada ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə bir sıra tədbirlər keçirilmişdir

Liviyada ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə bir sıra tədbirlər keçirilmişdir

Azərbaycanın Liviyadakı səfirliyində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə mərasim keçirilmişdir.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, tədbirdə Liviyada yaşayan soydaşlarımız və bu ölkədəki diplomatik nümayəndəliyimizin əməkdaşları iştirak etmişlər.

Tədbirdə çıxış edən səfir Ağasəlim Şükürov ulu öndər Heydər Əliyevin şərəfli həyat yolu və fəaliyyətindən danışmış, Ümummilli Liderin Azərbaycanın dövlət müstəqilliyinin təmin olunmasında və möhkəmlənməsində müstəsna rolunu qeyd etmişdir. Vurğulanmışdır ki, Ulu Öndərin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində bu gün xalqımız demokratik və hüquqi bir dövlətdə yaşamaq imkanı əldə etmişdir.

A.Şükürov ümummilli lider Heydər Əliyevin Azərbaycan diplomatiyasının inkişafına göstərdiyi böyük diqqət və qayğıdan danışmış, Ulu Öndərin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafı və beynəlxalq aləmdə artan nüfuzundan bəhs etmişdir.

Sonda tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotostendlə tanış olmuşlar.

Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar səfirliyin hazırladığı press-reliz Liviya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinə, ölkədə fəaliyyət göstərən diplomatik nümayəndəliklərə, Liviya Xəbərlər Agentliyinə və aparıcı yerli mətbu orqanlarına göndərilmişdir.

AzərTAc tərəfindən ərəb dilində hazırlanmış "Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi var" və "Heydər Əliyev" sənədli filmlərinin DVD formatında nüsxələri Ümummilli Konqresin sədrinə, Müvəqqəti Hökumətin başçısına, xarici işlər və beynəlxalq əməkdaşlıq, mədəniyyət və vətəndaş cəmiyyəti, ali təhsil və elmi tədqiqatlar, informasiya nazirlərinə, Milli Qüvvələr Alyansının başçısına, Ədalət və Quruculuq Partiyasının sədrinə, Liviya Arxiv və Tarixi Araşdırmalar Mərkəzinin idarə heyətinin sədrinə, Tripoli Strateji Araşdırmalar Mərkəzinin baş direktoruna, Tripoli Universitetinin rektoruna, Misir və Fələstin Mədəniyyət Mərkəzləri və "Libya əl-Vataniyyə" dövlət televiziya kanalının rəhbərliyinə təqdim edilmişdir.

Həmçinin, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi Liviyanın aparıcı kütləvi informasiya vasitələrində geniş işıqlandırılmışdır.

Geniş oxucu kütləsinə malik olan "Əl-Liva" qəzetində "Əliyev... Dövrlərin insanı" sərlövhəli məqalə dərc edilmişdir.

"Libya əl-Vataniyyə" televiziya kanalında ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Ağasəlim Şükürovun müsahibəsi və AzərTAc tərəfindən hazırlanmış "Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi var" sənədli filmi nümayiş etdirilmişdir.

Eyni zamanda, Liviyanın "Əl-Şuruq" radiosunda ümummilli lider Heydər Əliyev haqqında veriliş yayımlanmışdır.

AzərTAc

Digər xəbərlər