Mayın 17-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QİƏT) üzv dövlətlərin beyin mərkəzlərinin "Şərq-Qərb strateji körpüsü: QİƏT regionunda təhlükəsizlik, inkişaf və inteqrasiya" mövzusunda beynəlxalq forumu işə başlamışdır.
Forumda Azərbaycanın dövlət və hökumət rəsmiləri, ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələri iştirak edirlər.
AzərTAc xəbər verir ki, iki gün davam edəcək forumun açılış mərasimində çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov tədbirin əhəmiyyətini vurğulamışdır. Bildirilmişdir ki, forumda 11 dövlətdən 20-yə yaxın beyin mərkəzləri iştirak edir.
Forum panel iclaslarla öz işini davam etdirəcəkdir.
Forumda "QİƏ Regionunda siyasi-iqtisadi tranformasiya", "Dövlət idarəçiliyi sahəsində paradiqma dəyişikliyi - Moldova üçün həll yolu", "Qara dəniz regionunda QHT-lər regional əməkdaşlıq və inteqrasiyanın hərəkətverici qüvvəsi kimi", "Dövlət idarəçiliyində innovativ inkişaf prosesinin siyasi aspektləri", "Qara dəniz iqtisadi əməkdaşlıq: baxışlar və imkanlar" mövzularında müzakirələr aparılacaqdır.
AzərTAc