ABŞ-ın Ohayo ştatında yaşayan türk icmalarını təmsil edən Niaqara Fondu tərəfindən ştatın paytaxtı Kolumbus şəhərində təşkil olunmuş tədbirdə Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin müşaviri Fəxrəddin İsmayılov da iştirak etmişdir. Ohayo ştatının Dövlət Evində keçirilmiş tədbirə Nümayəndələr Palatası və Senatın çoxsaylı üzvləri, Kolumbus şəhərinin meri Maykl Kolman, yerli ictimaiyyətin nümayəndələri və türk icmalarının təmsilçiləri qatılmışlar.
Niaqara Fondunun icraçı direktoru Serkan Aykan toplantı iştirakçılarına rəhbərlik etdiyi təşkilatın fəaliyyəti haqqında məlumat vermiş, Ohayo ştatında müxtəlif icmalar arasında dialoq və əməkdaşlığın təşviqinə çalışdıqlarını bildirmişdir. O bu məqsədlə vaxtaşırı olaraq ştat rəsmiləri, akademik dairələr və ictimaiyyət nümayəndələrinin Türkiyəyə və digər türkdilli ölkələrə səfərlərini təşkil etdiklərini xatırlatmışdır. S.Aykan, o cümlədən Ohayo Ştatı Nümayəndələr Palatasının bir qrup üzvü ilə ötən ilin sentyabrında Azərbaycana etdikləri səfərdən söz açmışdır. Daha sonra çıxış edən Nümayəndələr Palatasının üzvü Con Adams Azərbaycanla bağlı xoş təəssüratlarını bölüşmüşdür.
Azərbaycanlı diplomat Fəxrəddin İsmayılov təhlükəsizlik, enerji və iqtisadiyyat başda olmaqla, müxtəlif sahələrdə Azərbaycan ilə ABŞ arasında qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq barədə danışmış, ikitərəfli münasibətlərin inkişafı sahəsində əldə olunmuş nailiyyətləri diqqətə çatdırmış və perspektivlərə toxunmuşdur. Eləcə də Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının 20 ildən artıq davam etdiyindən və bunun ağır nəticələrindən söz açmışdır.
Tədbir çərçivəsində Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın tarixi, təbiəti, mədəni irsi və mətbəxindən bəhs edən məlumat və təbliğat materialları nümayiş etdirilmişdir. Kolumbus şəhərinin meri Maykl Kolmana Azərbaycan barədə məlumatlar toplanmış kitab və digər hədiyyələr təqdim olunmuşdur.
AzərTAc