PDF Oxu

Siyasət

  • 7

Prezident İlham Əliyev: "Azərbaycan bölgənin elm mərkəzinə də çevrilməlidir"

Prezident İlham Əliyev: "Azərbaycan bölgənin elm mərkəzinə də çevrilməlidir"

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Şamaxı Astrofizika Rəsədxanasında əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olmuşdur. Cənab Prezident bu tanışlıq çərçivəsində Azərbaycanda elmin inkişafının qlobal xarakter alması barədə ciddi fikirlər bildirmişdir. Bu qısa məqalə çərçivəsində Prezident İlham Əliyevin elmi strategiyası haqda çıxışlarını təhlil etməyə çalışacam.

İlkin olaraq onu qeyd etməliyəm ki, Azərbaycanın elm tarixində rəsədxananın uzun tarixi vardır. Təsadüfi deyil ki, məşhur filosof və astronom Nəsirəddin Tusi bu işi ilk dəfə Azərbaycan elm tarixində başlatmışdır. Məhz elm və fəlsəfə tarixində "Azərbaycan Məktəbi" kimi tanınan bu fəaliyyət növlərinin bir hissəsini də rəsədxanalar təşkil edir. Bu baxımdan tarixi ənənənin müstəqil dövlətimizin tarixində davam etdirilməsi də xüsusi əhəmiyyət kəsb edir. Bu mənada Prezident İlham Əliyevin bu sahəyə ciddi diqqət yetirməsi Onun elmi və intellektual strategiyasının dərinliyindən xəbər verir. Məhz Cənab Prezident İlham Əliyev Şamaxı rəsədxanasına bu qayğısını belə ifadə edir: "Son illər burada aparılan tikinti-quruculuq işləri öz bəhrəsini vermişdir. Şamaxı Rəsədxanası uzun illərdir ki, fəaliyyət göstərir. Vaxtilə buraya böyük investisiyalar qoyulmuşdu. Amma sonra bu şəkillər də göstərir, mən də burada birinci dəfə olarkən görmüşəm ki, yararsız vəziyyətə düşmüşdü. Həm burada elmi araşdırmalar aparmaq üçün problemlər yaranmışdı, həm də alimlərin yaşayış səviyyəsi çox ağır idi. Vaxtilə tikilmiş binalar yararsız vəziyyətə düşmüşdü, dağılırdı. Ona görə biz qərara gəldik ki, rəsədxananı kompleks şəkildə bərpa edək".

Ümumiyyətlə, Azərbaycan Prezidenti İlham Əliyevin elmi sahələrin inkişaf strategiyası Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun uğurlu tətbiqindən ibarətdir. Məhz Ümummilli Lider nəzəriyyə və təcrübənin vəhdəti şəklində Azərbaycan elminin və alimlərinin fəaliyyətlərini hər zaman yüksək qiymətləndirmişdir: "Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, nəzəri fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tutur".

Uğurlu elmi strategiya

Bu məqamda qeyd etməliyəm ki, ölkəmizdə həyata keçirilən iqtisadi islahatlarla bərabər elmi strategiya da, qlobal inkişaf dinamikasına müvafiq olaraq həyata keçirilməkdədir. Məhz Cənab Prezident İlham Əliyevin elmin inkişaf strategiyası barəsində müxtəlif çıxışlarında ifadə etdiyi fikirlər milli və qlobal maraqlar kontekstində də anlaşılmalıdır. Məhz bu milli və qlobal maraqlar aspektindən Azərbaycanda həyata keçirilən elmi inkişaf strategiyası şaxələndirmə mahiyyətini daşıyır.

Ümumiyyətlə, Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycanda aparılan islahatlarla bağlı fikirlərinə diqqət etdikdə bütün sahələrdə ``Azərbaycan Standartı``nın formalaşdırılması ilə bağlı düşüncələrinə rast gəlirik. Bu istiqamət eyni zamanda milli və qlobal müstəvidə Azərbaycan elminə də sirayət etməkdədir. Təsadüfi deyil ki, Cənab Prezident İlham Əliyev yüksək analitik tərzdə məsələni belə qiymətləndirir: "Azərbaycan elminin inkişafı üçün əməli tədbirlər görülür. Mənim müvafiq sərəncamlarım olmuşdur. Elmin maddi-texniki bazasının möhkəmləndirilməsi, alimlərin fəaliyyətinin stimullaşdırılması üçün vacib addımlar atılmışdır. Elmin İnkişaf Fondu yaradılmışdır. Yəni, Azərbaycan dövləti çalışır ki, elmə ayrılan vəsait artsın və Azərbaycan elmi ölkəmizin uğurlu inkişafına maksimum dərəcədə xidmət göstərsin. İndi biz elmin ənənəvi və yeni istiqamətləri üzrə ciddi fəaliyyət göstəririk. Bu ilin fevral ayında artıq kosmik sənayenin təməlini qoyduq. Artıq bizim peykimiz orbitə çıxarılıbdır. Belə olan halda, hesab edirəm ki, Azərbaycan bölgənin elm mərkəzinə çevrilməlidir. Artıq Azərbaycan bölgənin iqtisadi, siyasi mərkəzidir. İndi görürsünüz, hər ay mötəbər siyasi tədbirlər keçirilir. Azərbaycan bölgənin elm mərkəzinə də çevrilməlidir".

Bütün bu fikirlər elmi fəlsəfənin son dövrlərdə ən aktual mövzularından hesab olunmaqdadır. Nəticədə, belə bir dünyagörüşünə istinad edilərək Azərbaycanda elmi inkişaf sahəsində çox ciddi addımlar atılır və atılacaqdır. Digər tərəfdən Cənab Prezident dəfələrlə öz çıxışlarında neft kapitalının insan kapitalına çevrilmə hədəflərindən bəhs etmişdir.

Ümumiyyətlə, Prezident İlham Əliyevin son çıxışında ifadə etdiyi- "Azərbaycan bölgənin elm mərkəzinə də çevrilməlidir" fikri çox ciddi strategiyadan xəbər verir. Belə ki, bu, Azərbaycanın siyasi sahədə olduğu kimi, elmi sahədə də qlobal inteqrasiya prosesində uğurlu inkişafını təmin edəcəkdir.

Rəşad İlyasov,

fəlsəfə doktoru

Digər xəbərlər