PDF Oxu

Siyasət

  • 15

"Bakı ürək günləri" beynəlxalq konqresi

"Bakı ürək günləri" beynəlxalq konqresi

Beynəlxalq tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr edilib

Dünən Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin (AÜDCC) təşkilatçılığı ilə 3-cü "Bakı ürək günləri" beynəlxalq konqresi öz işinə başlamışdır. Beynəlxalq tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr edilmişdir.

Açılış mərasimində AÜDCC-nin sədri Kamran Musayev Azərbaycan Prezidenti İlham Əliyevin konqres iştirakçılarına ünvanladığı təbrik məktubunu oxumuşdur. K.Musayev bildirmişdir ki, konqresdə yerli mütəxəssislərlə yanaşı, dünyanın 38 ölkəsindən 100-ə yaxın kardioloq və kardiocərrah iştirak edir. Konqresin məqsədi Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, xarici mütəxəssislərlə təcrübə mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir. Bu tədbir azərbaycanlı mütəxəssislərin beynəlxalq təcrübədən yararlanmasına da imkan yaradacaqdır.

M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru, akademik Böyükkişi Ağayev, rusiyalı akademik Renat Akçurin və başqaları çıxışlarında dünyanın müxtəlif ölkələrindən tanınmış kardioloqların Bakıya toplaşmalarının Azərbaycan səhiyyəsinin inkişafı ilə bağlı olduğunu bildirmiş və konqresin işinə uğurlar arzulamışlar. Qeyd edilmişdir ki, dünyada ürək-damar xəstəliklərinin artdığı və cavanlaşdığı indiki dövrdə belə bir tədbirin keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Konqresin ilk günündə paralel sessiyalarda yerli və xarici mütəxəssislərin 50-yə yaxın məruzəsi dinləniləcək və müzakirələr aparılacaqdır. İkinci iş günündə isə heyvan ürəkləri üzərində "Ürəyin cərrahi anatomiyası" mövzusunda təcrübi kurs təşkil olunacaqdır.

Mayın 19-dək davam edəcək konqresdə kardiologiya və ürək cərrahiyyəsinin ən mübahisəli problemlərinə toxunulacaqdır.

NƏZAKƏT

Digər xəbərlər