Mayın 22-dən 24-dək Bakı Sərgi Mərkəzində 19-cu Azərbaycan Beynəlxalq qida sənayesi ("WorldFood Azerbaijan") sərgisi keçiriləcəkdir.
Sərginin təşkilatçısı "İteca Caspian" şirkətindən bildirmişlər ki, "WorldFood Azerbaijan-2013" sərgisi qida sənayesinin peşəkarları, habelə ərzaq məhsulları, içkilər və xalq istehlakı mallarının istehsalçıları, ixracatçıları və idxalçıları üçün mükəmməl görüş yeridir. Sərgi bu sahədə qazanılan nailiyyətlərin ən dolğun çeşidi ilə tanış olmağa, yeni məhsulları yoxlamağa və mütəxəssislərdən məsləhət almağa, eləcə də işgüzar əlaqələr, təcrübə və informasiya mübadiləsi, məşhur dünya brendlərinin nümayəndələri ilə danışıqlar və qarşılıqlı faydalı müqavilələr üçün nadir imkan yaradır.
"WorldFood Azerbaijan-2013" sərgisində ət, süd məhsulları, konservləşdirilmiş məhsullar, baqqaliyyə məhsulları, inqrediyentlər, çay, meyvə və tərəvəz, qənnadı məmulatları, içkilər, laboratoriya analizləri üçün avadanlıq, çörəkçilik avadanlığı, anbar avadanlıqları və s. nümayiş etdiriləcəkdir.
Eksponentlərin ümumi sayının 60 faizini debütantlar təşkil edəcəkdir.
Sərgi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycanda İxracın Təşviqi Fondu tərəfindən dəstəklənir.
yap.org.az