18 may 2013-cü ildə Laçın rayonunun Erməni qəsbkarları tərəfindən işğalının 21-ci ildönümü tamam olub. SİA-ya verilən məlumata görə, bu məqsədlə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin (RİMHİRK) birgə təsdiq etdiyi iş planına əsasən mayın 17-də Ağcabədi rayonunda məcburi köçkünlər üçün salınmış Taxtakörpü qəsəbəsində məskunlaşan laçınlı məcburi köçkün rabitəçilərlə anım mərasimi keçirilib. Mərasimdə rayonun işğalı ilə əlaqədar hadisələr bir daha anılıb, şəhidlərə allahdan rəhmət dilənib.
Görüşdə iştirak edən Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Seymur Orucov ölkə başçısı cənab İlham Əliyevin ordu quruculuğu sahəsində apardığı islahatlardan söz açıb. Seymur Orucov Azərbaycanın Qafqazda ən güclü orduya malik olduğunu və istənilən vaxt torpaqlarımızı azad etməyə qadir olduğunu bildirib və onların qayğıları ilə maraqlanıb.
Görüş iştirakçılarına Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və RİMHİRK-nin maddi yardımları da paylanıb.
Çıxış edən laçınlı məcburi köçkün rabitəçilər onlara yaradılan şəraitə görə öz minnətdarlıqlarını bildiriblər.
sia.az