Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti əməkdaşları üçün Latviyanın Vətəndaşlıq və Miqrasiya Məsələləri üzrə İdarəsindən, həmçinin, Niderland Krallığının İmmiqrasiya və Pasportların verilməsi İdarəsindən dəvət olunmuş ekspertlərin iştirakı ilə "Qanuni miqrasiya məsələləri, xüsusilə, əmək miqrasiyasına dair Avropa İttifaqı qanunvericiliyinin və siyasətinin həyata keçirilməsində Aİ-yə üzv ölkələrin ən uğurlu təcrübələri və maraqlı tərəflərə boşluqların təhlili hesabatının təqdim olunması" üzrə növbəti seminar keçirilib. Seminarda qanuni miqrasiya, əmək miqrasiyası üzrə Avropa İttifaqının miqrasiya qanunvericiliyi və siyasəti, eləcə də, Avropa İttifaqına üzv dövlətlər tərəfindən Avropa İttifaqı qanunlarının müddəalarının həyata keçirilməsi və qanuni əmək miqrasiyası üzrə milli siyasətin formalaşdırması ilə bağlı məsələlər müzakirə edilib, qarşılıqlı təcrübə mübadiləsi aparılıbdır.
2013-2015-ci illəri əhatə edən bu layihədə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əsas tərəfdaşı Niderland, digər tərəfdaş ölkələr isə Latviya və Rumıniyadır.
Ümumilikdə, layihə çərçivəsində miqrasiya qanunvericiliyi, qanunsuz miqrasiyaya qarşı mübarizə, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının professional inkişafı üçün təlim-tədris metodlarının inkişafı və ictimaiyyətin miqrasiya məsələləri barədə maarifləndirilməsinin artırılması üzrə bundan sonra da 4 istiqamət üzrə seminarlar keçiriləcəkdir. Həmçinin, Avropa İttifaqı ölkələrinə təlim səfərləri və görüşlərin keçirilməsi də nəzərdə tutulubdur.
ÜLVİ